Accessibility links

Rusiyanın döyüş təyyarəsi Eysk şəhərində qəzaya uğrayıb, azı 14 nəfər ölüb


Rusiyaya məxsus döyüş təyyarəsi Rusiyanın liman şəhəri Eyskin yaşayış məntəqəsində qəzaya uğrayıb və yaşayış binasında güclü yanğın baş verib.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, təyyarə bazar ertəsi təlim missiyasında olarkən mühərriklərindən biri alovlanıb. Təyyarənin ekipajı qəzadan əvvəl havaya təhlükəsiz şəkildə qalxıb.

Səhiyyə Nazirliyinin Telegram kanalında "Dağıntıları təmizlədikdən sonra Fövqəladə Hallar Nazirliyinin xilasediciləri qəza yerində ölənlərin cəsədlərini tapıb. Oktyabrın 18-də saat 6:00-a olan məlumata görə, qəza nəticəsində 3-ü uşaq olmaqla, 14 nəfər həlak olub" deyilib.

Rusiya Federasiyası səhiyyə nazirinin yardımçısı Aleksey Kuznetsov 19 nəfər xəsarət aldığını, onlardan 4-nün müalicə üçün Krasnodar regional xəstəxanasına aparıldığını bildirib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti ölənlərlə bağlı məlumatı təsdiqləyib. "Xilasedicilər dağıntılarda axtarışı başa çatdırıb. Axtarış-xilasetmə əməliyyatları zamanı 10 cəsəd aşkar edilib" - deyə, agentlik bildirib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 68 nəfər xilas edilib, 360-dan çox sakin təxliyə olunub.

90 min əhalisi olan Eysk Rusiyanın cənub-qərbində, Ukrayna ilə sərhədə yaxın ərazidə yerləşir və Rusiyanın böyük avia-bazasına ev sahibliyi edir.

Müdafiə Nazirliyi təyyarənin Rusiyanın Ukraynadakı müharibəsi zamanı istifadə etdiyi səsdən sürətli iki mühərrikli Su-34 bombardmançı təyyarəsi olduğunu bildirib.

Kremlin məlumatına görə, prezident Vladimir Putin qəza ilə bağlı məlumatlandırılıb və hökumət rəsmilərinə bütün lazımi yardımı göstərməyi tapşırıb.

XS
SM
MD
LG