Accessibility links

Ukrayna Rusiyanın iki hərbi təyyarəsinin vurulduğunu bildirib


Rusiyanın "A-50" kəşfiyyat təyyarəsi
Rusiyanın "A-50" kəşfiyyat təyyarəsi

Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnıy yanvarın 15-də Ukrayna qoşunlarnın Rusiya ordusu üçün çox vacib olan iki təyyarəsinin - "A-50" kəşfiyyat və "İl-22M" komanda təyyarələrinin vurulduğunu bildirib.

Hər iki təyyarə Rusiya qüvvələri tərəfindən hərbi koordinasiya üçün istifadə olunur. "A-50" orduya hava hücumları üçün hədəfləri seçməyə və hava hücumundan müdafiə səylərini əlaqələndirməyə yardım edir.

Vurulan təyyarələrlə bağlı ilkin məlumatlar bazar ertəsi gecə Ukrayna Ali Radasının deputatları Yuri Mısyaqin və Aleksandr Fedienkonun Telegram kanallarında yayılıb. Mısyaqinin sözlərinə görə, "İl-22M" Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub.

RBC-Ukrayna Rusiya hərbçilərinin guya ələ keçirdiyi rabitəsinə istinad edərək, "A-50"nin radarlardan itdiyini və Rusiya taktiki təyyarələrinin sorğularına cavab vermədiyini, daha sonra Rusiyaya məxsus "Su-30" təyyarəsinin pilotunun "naməlum təyyarənin qəzaya uğradığını və alışdığını" aşkar etdiyini bildirib.

Nəşrin mənbəyi həmçinin "İl-22M" pilotunun Anapa mülki hava limanındakı dispetçerdən təcili eniş tələb etdiyini də bildirib. Həqiqiliyi təsdiqini tapmayan yazıda quyruq nömrəsi 75106 olan təyyarənin pilotu yanvarın 14-də Moskva vaxtı ilə saat 21:00 radələrində təxliyyə edilməsini, həmçinin təcili yardım və yanğınsöndürənlərin çağırılmasını xahiş edib.

Rusiya Müdafiə Nazirliyi təyyarə ilə bağlı rəsmi şəkildə şərh verməyib. Kreml bu barədə məlumatı olmadığını bildirib.

Hərbi bloger Boris Rojin gecə saatlarında "İl-22M"in yerə düşdüyünü və itkilərin olduğunu iddia etsə də, "A-50" haqqında məlumatı olmadığını qeyd edib.

Rusiya Müdafiə Nazirliyinə yaxın Rıbar Telegram kanalı versiyalarından biri kimi bunu Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələrinin "dost atəşi" adlandırıb.

Forum

XS
SM
MD
LG