Latviyanın Xarici İşlər Nazirliyi ölkəyə daxil olmaq qadağası olanların qara siyahısına Rusiyanın 25 mədəniyyət xadiminin adını daxil edib. Bu barədə LSM portalı məlumat verir.
Qara siyahıya daxil edilənlər arasında aktyor Vladimir Maşkov, rejissor Nikita Mixalkov, dirijor Valeriy Gergiyev, rəqqas Sergey Polunin, idman şərhçisi Dmitri Quberniyev, teleaparıcı Tina Kandelaki, pianoçu Denis Matsuyev və Polina Qaqarina, Nikolay Rastorquyev, Stat Mixaylov kimi müğənnilərin adları var. Həmin şəxslərə Latviyaya giriş qeyri-məyyən müddətə qadağan edilib.
Latviya XİN-i siyahıya Rusiyanın Ukrayna ərazisinə təcavüzünü dəstəkləyən mədəniyyət xadimləri və jurnalistlərin daxil edildiyini bilidirib.
Qara siyahıya düşənlərin əksəriyyəti Moskvanın “Lujniki” stadionunda keçirilən mitinq-konsertdə iştirak ediblər. Prezident Vladimir Putinin iştirak etdiyi bu tədbirə Krımın Rusiyaya birləşdirilməsinin ildönümü adı verilmişdi.
2014-cü ilin martında Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edib. Beynəlxalq təşkilatlar Krımın ilhaqını qeyri-qanunu adlandırıb və Rusiyanın əməlini pisləyəyərək, ona qarşı iqtisadi sanksiyalar tətbiq ediblər. Kreml yarımadanın ilhaqını inkar edir və bunu “tarixi ədalətin bərpası” adlandırır.