Ukrayna paytaxtının rəsmiləri cümə axşamı bildiriblər ki, Rusiya keçən gecə ərzində bölgəyə onlarla pilotsuz təyyarə ilə hücum edib.
Kyiv Şəhər Hərbi Administrasiyasının rəhbəri Serhiy Popkonun dediyinə görə, Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri pilotsuz təyyarələrin hamısını vurub. İtki və dağıntılar barədə məlumat yoxdur.
Ukraynanın cənubundakı Mikolayiv vilayətinin qubernatoru Vitali Kim Telegram kanalında hərbçilərin Rusiyanın 3 pilotsuz təyyarəsini vurduğunu bildirib.
Rusiya Müdafiə Nazirliyi cümə axşamı 4-ü Kursk vilayəti, 3-ü isə Qara dəniz üzərində olmaqla, Ukraynanın 7 pilotsuz təyyarəsini məhv etdiyini bildirib.
Rusiyanın Bryansk vilayətinin rəsmiləri də gecə ərzində orada bir neçə pilotsuz təyyarənin vurulduğunu bəyan edib.
Birləşmiş Ştatlar çərşənbə günü bildirib ki, 3000 Şimali Koreya əsgəri bu ayın əvvəlində Rusiyaya göndərilib və Ukraynaya qarşı müharibədə Moskva qoşunları ilə birlikdə döyüşmək üçün orada təlimlər keçir.
ABŞ müdafiə naziri Lloyd Austinin jurnalistlərə deyib ki, Pxenyan əsgərlərinin Rusiyada nə etdiklərini "görmək qalıb".
Ağ Evin milli təhlükəsizlik üzrə sözçüsü Con Kirbi ABŞ-ın "vəziyyəti tam başa düşmək üçün müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx əməkdaşlıq etdiyini" deyib.
Kirbi deyib ki, Şimali Koreya qoşunları Rusiyanın Vladivostok şəhərinə oktyabrın əvvəli ilə ortaları arasında "Vonsan" limanından gəmi ilə gedib. Daha sonra, o, Şimali Koreya qoşunlarının Rusiyanın şərqindəki bir çox hərbi təlim məntəqələrinə göndərildiyini bildirib.
Kirbi "Hələlik bu əsgərlərin Rusiya hərbçiləri ilə birlikdə Ukrayna döyüşlərinə qatılıb-qatılmayacağını bilmirik, lakin belə bir ehtimal əlbəttə ki, böyük narahatlıq doğurur" deyib.
Forum