Accessibility links

Rusiya qüvvələri Zaporijye Nüvə Elektrik Stansiyasının nəzarətini ələ keçirib


Ukrayna rəsmilərinin bildirdiyinə görə, Rusiya qüvvələri Ukraynanın Enerhodar şəhəri yaxınlığındakı, Avropanın ən böyük Zaporijye Nüvə Elektrik Stansiyasına nəzarəti ələ keçirib. Bu, Rusiya qüvvələrinin şəhəri atəşə tutmasından və stansiyanın yerləşdiyi ərazidəki binada yanğının başlamasından sonra baş verib.

Ukraynanın Nüvə Müfəttişliyi bu stansiyada radiasiya sızmasının olmadığını bildirib və əlavə edib ki, stansiya əməkdaşları obyektin işini təhlükəsiz şəkildə davam etdirir. Ukrayna rəsmiləri yanğınsöndürənlərin ərazidə yanğını nəzarət altına aldıqlarını deyib.

Enerhodar Kyivdən təxminən 700 kilometr cənub-şərqdə, Dnepr çayı üzərində enerji istehsal edən böyük bir şəhərdir. Oradakı stansiya Ukraynanın elektrik enerjisinin təxminən 25%-ni istehsal edir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Mariano Qrossi çərşənbə günü Ukrayna Dövlət Nüvə Tənzimləmə Müfəttişliyindən (SNRIU) ölkədəki Çernobıl Atom Elektrik Stansiyasının və digər nüvə obyektlərinin təhlükəsizliyini təmin etmək üçün təcili yardım tələb edən məktub aldığını və MAQATE-nin müraciətlə bağlı məsləhətləşmələrə başladığını bildirib.

Ağ Evin cümə axşamı yaydığı bəyanatda deyilib ki, ABŞ Prezidenti Co Bayden Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıb və atom elektrik stansiyasında baş verən yanğınla bağlı son məlumatı alıb.

Bayden administrasiyası Konqresdən yaxın günlərdə və həftələrdə “Ukrayna və qonşu regiona əlavə humanitar, təhlükəsizlik və iqtisadi yardımların çatdırılması üçün” 10 milyard dollar maliyyə vəsaiti istəyib,” administrasiyanın İdarəetmə və Büdcə Ofisinin direktoru vəzifəsini icra edən Şalanda Yanq bildirib.

Cümə axşamı Vaşinqton Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsinə qarşı növbəti sanksiya raundunu bəyan edib.

“Bu gün siyahıya Rusiyanın ən zəngin milyarderlərindən biri də olmaqla, 50-dən çox rusiyalı oliqarx, onların ailələri və yaxın adamlarının Amerikaya səfərinə qadağanı əlavə edirəm,” Prezident Co Bayden deyib.

Cümə axşamı Nazirlər Kabinetinin iclasından əvvəl Bayden "Və biz birbaşa yardımla Ukrayna xalqını dəstəkləməyə davam edəcəyik" deyə, əlavə edib.

XS
SM
MD
LG