Accessibility links

Rusiya qüvvələri Xarkivi vurub, ikisi uşaq olmaqla 17 nəfər yaralanıb


Rusiya hərbi qüvvələrinin Xarkivi vurması nəticəsində 12 yaşlı oğlan və 8 yaşlı qız da daxil olmaqla, 17 nəfər yaralanıb. Bu barədə Xarkiv vilayət hərbi administrasiyasının rəhbəri Oleh Sinehubov məlumat verib.

Onun sözlərinə görə, 28 yaşlı bir gəncin vəziyyəti ağırdır. 11 nəfər orta dərəcəli bədən xəsarətləri alıb, 5 nəfər isə streslə bağlı həkimlərə müraciət edib.

Zərbə 12 mərtəbəli binanın onuncu mərtəbəsinə, eləcə də qarajlara dəyib. Xarkiv meri İqor Terexov dəqiqləşdirib ki, zərbədən sonra ona yaxın qaraj yanmağa başlayıb. Bütün müvafiq xidmətlər və könüllülər hadisə yerindədir.

Rusiya qoşunlarının hücumu fonunda Xarkiv vilayətinin yaşayış məntəqələri daim atəşə tutulur. Rusiya ordusu Volçanska sıx yaxınlaşıb. Ukrayna hərbçilərinin 2022-ci ilin payızında azad etdiyi şəhər yenidən işğala məruz qala bilər.

Aprelin əvvəlində İqor Terexov bildirib ki, Xarkivdə Rusiyanın raket hücumları nəticəsində demək olar ki, bütün dövlət və özəl enerji infrastrukturu dağıdılıb. Ukrayna hakimiyyətinin məlumatına görə, Rusiya hərbi qüvvələri hər gün şəhərə S-300 raketləri, döyüş dronları və idarə olunan hərbi sursatlarla zərbələr endirir.

Forum

XS
SM
MD
LG