Accessibility links

Rusiya qüvvələri Xersonun mərkəzini atəşə tutublar - 6 nəfər ölüb, 21 nəfər yaralanıb


Rusiya qüvvələri Xersonun mərkəzinə artilleriya zərbəsi endirib. Bu barədə Xerson müdafiə komendantlığının rəhbəri Dmitri Pletençuk "Suspilnye"yə bildirib. Mərmilər həmin vaxt şəhərin mərkəzində insanların olduğu ictimai nəqliyyat dayanacağına düşüb. Son məlumatlara əsasən, 6 nəfər ölüb, 21 nəfər yaralanıb.

Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak 6 nəfərin öldüyünü təsdiqləyib. "Altı nəfər həlak olub, yaralananlar var. Binalara, avtobus dayanacağına zərər dəyib. Onlar sadəcə işə, işləməyə gedirdilər, şəhərdə nəsə alırdılar. Bu cinayətlərə cavab mümkün qədər qəddar olmalıdır" – deyə, o qeyd edib.

Xerson administrasiyasının məlumatına görə, 21 nəfər xəsarət alıb, onlardan 16-sı xəstəxanaya yerləşdirilib.

Şəhərin atəşə tutulması barədə Xerson vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin də məlumat verib. Onun sözlərinə görə, şəhərdə azı 20 partlayış səsi eşidilib. Atəşin Qrad sistemlərindən həyata keçirildiyi güman edilir.

Xerson nəşri olan "Most"un məlumatına görə, mağaza və iki hündürmərtəbəli binaya da zərbələr dəyib.

Ukrayna Silahlı Qüvvələrinin "Cənub" operativ komandanlığının mətbuat katibi Vladislav Nazarovun sözlərinə görə, Rusiya hərbçiləri Xersonda yaşayış məntəqələrini və mühüm infrastruktur obyektlərini atəşə tutub. Uşaq bağçası, xəstəxanalar, şəxsi qarajlar və avtomobillər də atəşə tutulub. Hazırda 12 yaralının olduğu barədə məlumat var. Onlar şəhər xəstəxanalarına çatdırıldığı bildirilir.

Ukrayna prezidenti Volodimir Zelenski Xersonun atəşə tutulması zamanı həlak olanların ailələrinə başsağlığı verib və bildirib ki, "dünyanın Rusiyanın təcavüzü və qəddarlığının sərhəd tanımadığını bir dəqiqə belə unutmağa haqqı yoxdur".

Rusiya qüvvələri Ukrayna Silahlı Qüvvələrinin ötən ilin payızında əks-hücum əməliyyatı nəticəsində azad etdiyi Xerson və ona bitişik yaşayış məntəqələrini davamlı olaraq atəşə tutur. Yerli hakimiyyət orqanlarının məlumatına görə, Xerson və bölgə Rusiya tərəfindən gündə 50-70 dəfə atəşə tutulur.

XS
SM
MD
LG