Accessibility links

Ukraynanın işğal olunmuş bölgələrində Rusiyaya qoşulmaq üçün "psevdo referenduma" başlanıb


Özlərini Luhansk Xalq Respublikası (LXR) və Donetsk Xalq Respublikası (DXR) adlandıran ərazilərdə, eləcə də Ukraynanın Xerson və Zaporijye vilayətlərinin müharibə başlayandan sonra işğal olunmuş hissələrində Rusiya Federasiyasına qoşulmaq üçün qurama referenduma başlanıb. Ukrayna, ABŞ və digər ölkələr dəfələrlə belə səsvermələrin nəticələrini tanımadıqlarını bəyan edib.

Saxta referendumlar sentyabrın 23-dən 27-dək davam edəcək. İlk dörd gün ərzində səsvermə məntəqələrdə deyil, ətraf ərazilərdə və sakinlərə bildiriləcək ünvanlarda keçiriləcək. Donbas, eləcə də və Ukraynanın Rusiya qoşunları tərəfindən işğal olunmuş Xerson və Zaporijye vilayətlərinin bir hissəsinin sakinləri sentyabrın 27-də seçki məntəqələrində səs verə biləcək.

Özlərini Donetsk Xalq Respublikası və Luhansk Xalq Respublikası adlandıran yerlərdə sakinlərə bir sual veriləcək: Onlar Rusiyaya qoşulmaq istəyirlərmi? Zaporijye və Xerson vilayətlərinin işğal olunmuş ərazilərində isə üç sual birləşdiriləcək: “Siz Ukraynadan ayrılmağın, regionun müstəqil dövlət olmasının və onun Rusiyanın subyekti kimi Rusiya Federasiyasına daxil olmasının tərəfdarısınızmı?".

Qondarma respublikaların “rəhbərləri” işğal olunmuş ərazilərin vətəndaşlarına müraciət edib.

"Səkkiz ildən artıqdır ki, biz bu anı gözləyirdik. Uzun illər ayrılıqdan sonra ailəmizə qayıdışı gözlədiyimiz kimi gözləyirdik. Referendum tarixi bir mərhələdir, çünki bu, ümumi yolumuzun kulminasiya nöqtəsidir. İlk öncə biz müstəqil dövlət olduq, sonra biz respublikanın tanınmasına nail olduq və budur, üçüncü addım Rusiya ilə birləşməkdir” - özünü Donetsk Xalq Respublikası adlandıran bölgənin “rəhbəri” Denis Puşilin bildirib.

"Luhansk Xalq Respublikası"nın “rəhbəri” Leonid Paseçnik isə deyib ki, səsverməyə “gecikməməliyik”. "Kyiv faşistləri bütün qırmızı xətləri keçib: NATO raketləri sakinlərimizi bombalayır, amansız terror hücumları təşkil edir. Bütün bunlar bizi qorxutmaq, bizi əsas məqsədimizdən geri çəkilməyə məcbur etməkdir. Lakin bu təxribatlar bizi ayağa qaldırıb. Geriyə dönüş yoxdur. Yalnız birlikdə və yalnız Rusiya ilə birlikdə ayağa qalxıb qalib gələcəyik” - deyə, Paseçnik bildirib.

Səsvermə Rusiyada da keçiriləcək. Artıq Kamçatka, Saxalin və Yakutiyada məntəqələr açılıb.

Əvvəlcə Kreml sentyabrın 11-də Ukraynanın işğal olunmuş bir neçə bölgəsində Rusiyanın tərkibinə daxil olmaq üçün psevdo referendum keçirməyi planlaşdırırdı. Donetsk və Luhansk vilayətlərindən başqa, səsvermə Xerson və Zaporijyedə də planlaşdırılmışdı. Lakin cəbhədəki vəziyyət və Rusiya qoşunlarının əks-hücumuna görə bu ideya həyata keçirilə bilmədi.

XS
SM
MD
LG