Accessibility links

Rustavi-2 telekanalının yeni rəhbərliyi Putini təhqir edən jurnalisti işdən çıxarıb


Georgi Qabuniya

Gürcüstanın Rustavi-2 televiziya şirkətinin yeni baş direktoru Paata Saliya bir sıra jurnalistlərin işdən kənarlaşdırıldığını bildirib. Onların arasında canlı yayımda Rusiya prezidenti Vladimir Putini təhqir edən jurnalist Qeorqi Qabuniya da var.

Gürcüstanın müstəqil telekanalı olan Rustavi-2- nin baş direktoru Nika Qvaramiya iyulun 17-də vəzifəsindən kənarlaşdırılıb. Bu, biznesmen Kibar Xalvaşinin yenidən telekanalın sahibi olmasından dərhal sonra baş verib. O, Qvaraminin yerinə telekanala rəhbərlik etmək üçün öz hüquqşünası olan Paata Saliyanı təyin edib.

Rustavi-2 telekanalı iyul ayının əvvəlində Rusiya və Gürcüstan arasında böyük siyasi qalmaqalın fiqurantı olmuşdu. Tele kanalda rus dilində efirə çıxan P.S proqramının aparıcısı Qeorqi Qabuniya iyulun 7-də canlı yayım zamanı Rusiya prezidenti Vladimir Putinə müraciət etmiş və onun ünvanına ədəbsiz ifadələr işlətmişdi. Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi bunu telekanal tərəfindən qəbuledilməz "hərəkət" kimi qiymətləndirmiş, Gürcüstan prezidenti Salome Zurabişvili və baş nazir Mamuka Baxtadze isə Qabuniyanı tənqid etmişlər. Bundan sonra jurnalist efirdən kənarlaşdırılmışdı.

Nika Qvaramiya, Kibar Xalvaşi və Paata Salia
Nika Qvaramiya, Kibar Xalvaşi və Paata Salia

Qvaramiya Qabuniyanın kənarlaşdırılmasına cavab olaraq, baş nazirin bəyanatını telekanalın işlərinə müdaxilə və senzuraya cəhd kimi qiymətləndirdiyini bildirib.

Telekanalda qalmaqaldan bir həftə sonra rəhbərlikdə yenidən rəsmən dəyişikliklər edildi. Hazırda Rustavi-2 şirkətinin 60 faizi Xalvaşinin özü tərəfindən rəsmiləşdirilib, 40 faizi isə onun Panorama şirkətinə aiddir. Son illər televiziya şirkətinə Nino Nijaradze (9 faiz), Sakartvelo şirkəti (51 faiz) və Levan və Qeorqi Karamanişvili qardaşları (müvafiq olaraq 18 və 22 faiz) sahiblik edirdi. Lakin Xalvaşi 2006-cı ildə (Mixail Saakaşvilinin Gürcüstanın prezidenti olduğu dövrdə) onun telekanalı hakimiyyətə yaxın insanlara satmağa məcbur edildiyini iddia edərək, onlarla uzun müddət məhkəmə çəkişməsi aparırdı.

2015-ci ilin noyabrında Tbilisi şəhər məhkəməsi Xalvaşinin iddiasını təmin edib və müqaviləni qanunsuz tanıyıb. Bunun ardınca Gürcüstanın Ali Məhkəməsi də eyni addımı atıb. 2019-cu il iyulun 17-də isə Avropa İnsan Hüquqları Məhkəməsi televiziya şirkətinin işində insan hüquqları üzrə Avropa Konvensiyasının pozulması hallarını aşkar etməyib və onlara qarşı 2017-ci ildə Gürcüstanın Ali Məhkəməsinin qərarının icrasının müvəqqəti dayandırılması haqda özünün qoyduğu məhdudiyyəti aradan qaldırıb.

İşdən çıxardılmasından bir neçə saat əvvəl Qvaramiya bildirib ki, onun telekanalla müqaviləsi 2020-ci il 31 dekabra qədər imzalanıb və o heç yerə getməyə hazırlaşmır. İstefadan sonra isə o, işdən çıxarılmasının siyasi səbəblərlə bağı olduğunu bildirərək, Rusiya xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidenti Vladimir Putinin telekanalı bağlamağı "tələb etdiklərini" vurğulayıb.

"Bidzina İvanişvili üçün (Gürcüstanın hakim partiyası ilə əlaqəsi olduğu iddia edilən oliqarx) bu, əsas təhlükəli hədəfdir: bu ölkədə onun Rustavi-2-dən çox nifrət etdiyi heç bir şey yoxdur” – deyə o vurğulayıb. Qvaramiya həmçinin telekanalda "ölkədə ən səlahiyyətli jurnalist komandasının" işlədiyini qeyd edib.

XS
SM
MD
LG