Accessibility links

Rüstəm İbrahimbəyov: Hakimiyyət faktiki olaraq Heydər Əliyev ənənələrinə qarşı müharibə aparır


Kinodramaturq Rüstəm İbrahimbəyov
Kinodramaturq Rüstəm İbrahimbəyov

Dramaturq bildirib ki, Hakimiyyətin ədavətinə onun “dəhşətli” gerçəkləri - xəzinənin talan edilməsini, korrupsiyanı vurğulaması səbəb olur. Prezident Administrasiyası rəsmisi isə cənab İbrahimbəyovu kinonun inkişafına mane olmaqda günahlandırıb.

Milli Kino Günü ilə əlaqədar avqustun 2-də Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqında təntənəli qəbul keçirilib. Tədbirdə Azərbaycan kino incəsənətinin görkəmli nümayəndələri, digər yaradıcı ittifaqların rəhbərləri, xüsusən Yazıçılar Birliyinin sədri Anar, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, mədəniyyət xadimləri, diplomatik korpusun nümayəndələri, o cümlədən Polşa səfiri Labenda iştirak edib.

Milli Kino Günü münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının sərəncamı ilə kino xadimləri mükafatlandırılıb.

Amma, kino bayramına bir neçə ay qalmış cənab İbrahimbəyovun sədri olduğu təşkilatın eyni adlı alternativi təsis edilib. Həmin ittifaq hökumət rəsmiləri tərəfindən dəstəklənib və bəzi kino xadimləri hökumətin dəstəklədiyi ittifaqa keçib. Rəsmi və iqtidaryönümlü mediada Oskar mükafatı laureatı Rüstəm İbrahimbəyovun əleyhinə kəskin tənqidlər başlayıb. Rüstəm İbrahimbəyov həm də Ziyalılar Forumunun təsisçilərindədir və hökumətin siyasətini, o cümlədən korrupsiya və rüşvət hallarını tənqid edir.

Rüstəm İbrahimbəyov Turan agentliyinə müsahibəsində, - “Bütün bunlar Azərbaycan kinematoqrafına necə təsir göstərəcək? sualına cavabda qeyd edib ki, onun təşkilatı bütünlükdə milli kinematoqrafın maraqlarının müdafiə edən ideoloji ictimai təşkilatdır. “Məhz buna görə bizim hakimiyyətlə münasibətlərimiz korlanıb. Belə ki, biz israrla prezidentinin “Azərbaycanfilm”in bərpası və yenidən qurulması, kinematoqrafiyaya, kino məktəbinə vəsait ayrılması və s. haqqında 2007-ci il tarixli fərmanının yerinə yetirilməsini tələb edirik”, deyə bildirib.
Alternativ ittifaqın yaradılmasına gəlincə, bu kino cəmiyyətini parçalamaq cəhdi bəzi məmurlar tərəfindən təşkil olunub. “Kinematoqrafçılar arasında qarşılıqlı ittihamlar, təhqirlər səsləndiyi zaman cəmiyyətin bu incəsənət növünə hörməti itir və bunda bizim hakimiyyətimiz günahkardır”.

Onun fikrincə, SSRİ dövründə, Xalq Cəbhəsi zamanı və daha sonralar kinematoqraf nüfuz sahibi idi.
“İndi Azərbaycanda kino incəsənəti nümayəndələrinə hörmət etmirlər. Heydər Əliyevin - hazırki prezidentin atasının müdafiə etdiyi hər şeyin aktiv şəkildə dağıdılması prosesinə heyrətlənirəm. Hazırki hakimiyyət faktiki olaraq Heydər Əliyev ənənələrinə qarşı müharibə aparır”, deyə İbrahimbəyov qeyd edib.

Şəxsən İbrahimbəyova qarşı basqıların səbəbi nədir və bunların arxasında kim durur? Bu suala cavabda İbrahimbəyov qeyd edib ki, hərdənbir hakimiyyətlə münaqişələri olub, amma Heydər Əliyev müdrik insan idi və “Azərbaycanda niyə dissident yoxdur?” sualına belə cavab vermişdi: çünki biz onları axtarmırıq. Hazırki hakimiyyət isə dissident axtarır, bizi təhrik edir.

İbrahimbəyov ona qarşı qarayaxma kampaniyasının səbəbini belə izah edib: “Mən gördüyümü deyirəm”.

Hakimiyyətin ədavətinə onun “dəhşətli” gerçəkləri - xəzinənin talan edilməsini, korrupsiyanı vurğulaması səbəb olur.
“İş o yerə çatıb ki, artıq tarixi də oğurlayırlar. Bizə sübut edirlər ki, xalqımızın ziyalı, mənəvi həyatı 1993-cü ildə başlayıb!”, deyə dramaturq qəzəblənir.

Bütün bunların arxasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə durur.
“İndi aparatın digər işçiləri də qoşulublar. Dövlət bütün gücü ilə kiçik yaradıcı təşkilatın üzərinə düşüb, onu məhv etməyə çalışır, başa düşmür ki, bu təşkilatın məhv edilməsi hakimiyyətin avtoritar mahiyyətinin təsdiqidir”, deyə İbrahimbəyov bildirib.

İbrahimbəyov belə bir vəziyyətdə özünü tək hiss etmir?
“Xeyr. Kinematoqraf bayramı ilə əlaqədar Azərbaycanda 200 ən hörmətli insan tərəfindən imzalanmış təbrik aldım və bu, mənə tək olmadığımı, ləyaqətli insanların mənimlə eyni nöqteyi-nəzəri paylaşdığını düşünmək haqqı verir”, deyə İbrahimbəyov bildirib.

Öz növbəsində, Prezident Administrasiyasının rəsmiləri Rüstəm İbrahimbəyovu Azərbaycan kinosunun inkişafına əngəl yaratmaqda günahlandırır. Administrasiyanın şöbə müdiri Əli Həsənov deyib ki, Rüstəm İbrahimbəyov kino sənəti ilə biznes arasında vurnuxur. “Rüstəm İbrahimbəyov düşünür ki, əgər o keçmişdə bir-iki kino çəkibsə, bütün Azərbaycan ictimaiyyəti ona minnətdar olmalıdır və nə edəcəyini gözləməlidir. Ancaq belə deyil. Azərbaycanda kino sənəti inkişaf etdirilməlidir və bu işi əlindən heç bir iş gəlməyənlər deyil, bacarıqlı, ümumi işə töhfə verə bilən adamlar görməlidir. Buna görə də yeni ittifaqın yaranması tam normal haldır”, - qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG