Accessibility links

Rüstəm İbrahimbəyov: Ölkəyə gəlməyim Nicat Quliyevin cinayət işindən asılı olacaq


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov

“Milli Şuranın rəhbərliyi siyasi partiya ilə bağlı olmamalıdır”, Milli Şuranın sədri bildirib

Milli Şura təkcə bir struktur kimi deyil, siyasi partiyaları, vətəndaş cəmiyyətini və ayrı-ayrı vətəndaşları birləşdirən bir format kimi qorunub saxlanmalıdır. Məhz bu format Azərbaycan ictimaiyyətinin demokratik gələcək uğrunda birləşmiş səylərini qoruyub saxlamağa kömək edər. Bu barədə Turan agentliyinə müsahibəsində Milli Şuranın sədri, kinodramaturq Rüstəm İbrahimbəyov bildirib.

Cəmil Həsənlinin şəxsində həmsədr postu tətbiq etməyi təklif etdim
Milli Şuraya həmsədrlik ideyası haqqında suala cavab verərkən o qeyd edib ki, bu yaxınlarda məktubla Milli Şuraya müraciət edib və həmsədr postu tətbiq etməyi təklif edib.

“Cəmil Həsənlinin prezident seçkilərində müxalifətin keçmiş namizədi adlandırmaqdan imtina etməyin vaxtı gəldiyini düşünürəm. O sübut edib ki, Milli Şura adlı ictimai birliyə rəhbərlik etmək iqtidarında olan yetkin və müstəqil siyasətçidir.
Məlum səbəblərdən mən uzaqdayam, buna görə Cəmil Həsənlinin şəxsində həmsədr postu tətbiq etməyi təklif etdim”, İbrahimbəyov bildirib.

Bu zaman o dəqiqləşdirib ki, Milli Şuranın ikinci həmsədri olaraq o, özü qalacaq.

Təklifinin necə qəbul edildiyi haqqında suala cavabda dramaturq deyib ki, prinsipcə, reaksiya müsbət olub, lakin bəzi siyasətçilər bu təklifi pis qarşılayaraq, hər şeyi olduğu kimi saxlamaq lazım olduğunu – Milli Şuranın bir sədri qalmalı olduğunu deyiblər.

“Hesab edirəm ki, Milli Şuranın rəhbərliyi siyasi partiya ilə bağlı olmamalıdır, qurum özü isə hər-hansı partiyanın nəzarəti altında və ya onun davamı olmamaldır”, İbrahimbəyov qeyd edib.

Hakimiyyət məni Quliyevə qarşı irəli sürülmüş cəfəng ittihamlarla əlaqələndirmək istəyir.
Nə vaxt Azərbaycana qayıdacağı ilə bağlı suala cavabda kinodramaturq bildirib ki, bu, sabiq xarici iqtisadiyyat naziri Nicat Quliyevə qarşı cinayət işindən asılı olacaq.

“Bu prosesin yekunlaşmasını gözləyirəm, belə ki, hakimiyyət məni Quliyevə qarşı irəli sürülmüş cəfəng ittihamlarla əlaqələndirmək istəyir. Konkret olaraq söhbət guya Milli Şura tərəfindən çevriliş hazırlanmasından gedir. Hakimiyyətin versiyasına görə, Nicat Quliyev bu planları maliyyələşdirib. Onun mənzilinə və bağına silah və narkotik atıblar, cinayətkar kimi xüsusi təyinatlıların iştirakı ilə saxlayıblar”, İbrahimbəyov bildirib.

O qeyd edib ki, Quliyevə qarşı repressiyaların səbəbi onun İbrahimbəyov prezident vəzifəsinə namizədliyini irəli sürərkən dəfələrlə ona zəng etməsi və ikili vətəndaşlıq məsələsi ilə bağlı məsləhətlər verməsi olub.

Belə ki, istintaqda ondan mənim əleyhimə ifadələr alıblar
“Məhz bundan sonra o həbs edilib, hakimiyyətin mənim ölkədən çıxış hüququmu məhdudlaşdırmaq üçün bu işdən istifadə edəcəyi haqqında məlumat var. Belə ki, istintaqda ondan mənim əleyhimə ifadələr alıblar”, İbrahimbəyov bildirib.

“Xaricdə ikən mən daha çox fayda verə və normal fəaliyyət göstərə bilərəm. Ölkədə baş verən hər şeyə görə utanıram, ölkəni məhvə doğru aparan hakimiyyətə görə utanıram.
Ümid edirəm ki, onlar bunu başa düşəcəklər, zəruri islahatları aparacaqlar, çox ümid edirəm ki, onlar bunu gec olmadan başa düşəcəklər”, Rüstəm İbrahimbəyov bildirib.
XS
SM
MD
LG