Accessibility links

Rza Diqqəti:"Əfqanıstanda vəziyyət mənə bəzən ruslar gedəndən sonrakı dövrü xatırladır"


Rza Diqqəti:"Əfqanıstanda vəziyyət mənə bəzən ruslar gedəndən sonrakı dövrü xatırladır"
Rza Diqqəti:"Əfqanıstanda vəziyyət mənə bəzən ruslar gedəndən sonrakı dövrü xatırladır"

Tanınmış foto-jurnalist Rza Diqqəti Əfqanıstanda müharibənin 10-cü ildönümü ölkədə vəziyyəti şərh edir

Oktyabrın 7-i Birləşmiş Ştatların başçılığı ilə koalisiya qüvvələrinin Əfqanıstana müdaxiləsinin 10-cu ildönümüdür.

National Geographic jurnalının foto-müxbiri Rza Diqqəti 30 ildən artıqdır Əfqanıstanda baş verən hadisələri işıqlandırır. Tanınmış foto-müxbir müharibənin başladığı ilk günlərdən Əfqanıstanda olub. Rza Diqqətinin sözlərinə görə, 10 il bundan əvvəl beynəlxalq qüvvələrin ölkədə gəldiyi vaxt əfqanlar gələcəyə böyük sevinc və ümidlərlə baxırdı. O deyir ki, Əfqanıstanda bu gün vəziyyət bölgədən-bölgəyə fərqlidir, insanlar bəzi yerlərdə hələ də təhlükəsiziyə görə narahatdır.

“Ölkənin şimalında insanlarla danışanda onlar böyük dəyişikliklərin olduğunu deyir. Lakin ölkənin cənubuna getsəniz vəziyyət çox ağırdır. Bura əsl müharibə zonasıdır. Bura ən çox bombalanan, dağıntılar və insan tələfatı olan yerlərdir. Ona görə də sanki iki tamamilə fərqli ölkədən söhbət gedir. İnsanlar burada özlərini təhlükəsiz hiss etmir. Mən inanıram ki, 10 il bundan əvvəl koalisiya qüvvələrinin Əfqanıstanı bərpa etmək, ölkədə sülhü bərqərar etmək və demokratiya qurmaq və bunun mümkün olduğunu bütün dünyaya nümayiş etdirmək kimi gözəl bir imkanı var idi. Lakin təəssüf ki biz bunu bu gün görə bilmirik. Ölkədə ən böyük problem korrupsiyadır. Korrupsiya demək olar ki, təsəvvür etdiyiniz bütün səviyyələrdə ölkəni dağıdır.

Birləşmiş Ştatlar 2014-cü ilə qədər Əfqanıstandan öz hərbi qüvvələrini çıxarmağa və Əfqanıstanın təhlükəsizliyinə görə məsuliyyəti əfqanların özlərinə həvalə etməyə hazırlaşır. Əfqan qüvvələri təhlükəsizliyi təmin etməyə hazırdırmı sualının cavabında Rza Diqqəti buna böyük şübhə ilə yanaşdığını deyir.

“Mən buna şübhə edirəm. Çünki indiyə qədər vahid milli ordunun yaradıldığını görmürəm. Bəzi insanlarla danışanda onlar deyir ki, üç aydır maaş almırlar, yaxşı təchiz olmayıblar. Ona görə də 2014-cü ilə qədər ölkədə indiki vəziyyət davam etsə, milli ordunun yaranacağına şübhə ilə yanaşıram. Bu, müəyyən mənada mənə Rusların müdaxiləsi zamanı burada hadisələri işıqlandıranda eyni vəziyyəti xatırladır. Ruslar 1989-cu ildə getdi. Onlar deyirdi ki, biz əfqan milli ordusuna təhlükəsizliyi təmin etmək üçün təlim vermişik. Amma bu, baş vermədi. Rusların Əfqanıstanda məğlub olub ölkədən çıxmasından bir il yarım sonra mücahidinlər Kabili tutub ölkəni ələ keçirdi. Bu, Əfqanıstanda 30 ildən artıq çoxdur hadisələri müşahidə edib işıqlandıran, xalqın öz dilində danışa bilən bir insanın təcrübəsinə əsasən yürütdiyi fikirdir.”

Rza Diqqəti Əfqanıstanda qadınlar və uşaqlar üçün media vasitəsilə imkanların artırılmasına xidmət edən qeyri-hökumət təşkilatı “Ayna”nın təsisçisidir. O deyir ki, əfqan qadınları haqda təsəvvür çox halda onları hüquqlarından məhrum edən Taliban dövrünə əsasən yaradılır. Lakin əsl əfqan qadını azadlıq uğrunda mübarizənin önündə gedir.

“Əfqanıstanda həqiqətən də olduqca cəsur qadınlar var. Bu qadınlar həyat yoldaşları, qardaşları və oğulları ilə çiyin-çiyinə azadlıq uğrunda mübarizə aparır. 3 il bundan əvvəl Əfqanıstanda radio proqramları aparan olduqca cəsur bir qadın kişilər tərəfindən qətlə yetirildi. Bu, bütün başqa qadınlara bir mesaj idi ki, radiodan, ictimai həyatdan uzaq olun. Bilirsinizmi bundan sonrakı gün nə oldu? Treyninq keçmiş, radio və mediada çalışan 300 qadın bizim ofisə gəlib onun yerinə işləməyə getmək istədiyini bildirdi. Onlar bir qadını öldürdü, amma onun yerinə artıq 300 qadın var idi. Bu, əfqan qadının yaşadığı reallıqdır. Ona görə də mən inanıram ki, nə olsa da, koalisiya qüvvələri Əfqanıstandan çıxsa, lap Taliban yenidən qayıtsa da, bu qadınlar əvvəllər olduğu kimi qaranlığa, Taliban ideologiyasına müqavimət göstərəcək.”

Rza Diqqəti sonda onu da deyir ki, o bir gün əfqan qadınının ölkəni idarə edəcəyinə inanır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG