Accessibility links

Söner Çağaptay: Türkiyə və Rusiya Cənubi Qafqazda da ortaq nöqtələr tapa bilər


Söner Çağaptay: Türkiyə və Rusiya Cənubi Qafqazda da ortaq nöqtələr tapa bilər
please wait

No media source currently available

0:00 0:06:16 0:00

Vaşinqtondakı Yaxın Şərq İnstitutunda Türkiyə proqramlarının direktoru Söner Çağaptay Amerikanın Səsinə müsahibəsində Azərbaycan və Ermənistan arasında hərbi toqquşmalar, Türkiyənin Azərbaycana dəstəyi, Türkiyə və Rusiyanın Cənubi Qafqazda hədəflərini şərh edib.

Amerikanın Səsi: Ermənistan və Azərbaycan arasında intensiv hərbi əməliyyatlar davam edir. Türkiyə və Rusiya münaqişədə qarşı tərəfləri dəstəkləyir. Türkiyə Azərbaycana tam dəstəyini bildirib. Türkiyənin hərbi və diplomatik dəstəyi münaqişənin dinamikasını necə dəyişdirib?

Söner Çağaptay: Türkiyənin Azərbaycana siyasi dəstəyi və ya Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini yenilik hesab etmirəm. Azərbaycan Türkiyənin ən yaxın müttəfiqidir, Türkiyənin Azərbaycanla dərin tarixi, dil və mədəni əlaqələri var. Düşünürəm ki, yenilik Türkiyənin Azərbaycana hərbi dəstəyidir. Əvvəllər Türkiyə hər zaman Azərbaycana siyasi və diplomatik dəstək verirdi, hərbi dəstək göstərmirdi. Bu dəfə mediada pilotsuz təyyarələrdən tutmuş, bəlkə də havadan dəstək məqsədilə döyüş təyyarələrini görürük. Türkiyə Azərbaycanı hərbi cəhətdən aktiv olaraq dəstəkləyir.

İkincisi, düşünürəm ki, Azərbaycan neft pullarından İsraildən xeyli miqdarda silah əldə etmək üçün istifadə edib, bu da orada, Dağlıq Qarabağ ətrafında güc balansını dəyişdirib. Beləliklə, deyə bilərəm ki, Azərbaycanın bu dəfəki cəhdi bəlkə də istər İsrail silahları olsun, istərsə də Türkiyənin döyüş meydanında onun üstünlüyünü təmin edən hərbi dəstəyinə görə hərbi baxımından daha güclü olduğuna əsaslanan hesablamalar üzərində qurulub. Buna görə də düşünürəm ki, münaqişə bu gün 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra ilk dəfə başladığı iyirmi il əvvəlkinə nisbətən daha fərqlidir.

Amerikanın Səsi: Təhlilçilər Rusiya və Türkiyənin Cənubi Qafqazda maraqlarının toqquşduğunu qeyd edir. Lakin Türkiyə və Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsində diplomatik boşluğu doldura bilməsi mümkün ola bilərmi? Bununla bağlı fikirləriniz nədir?

Söner Çağaptay: Türkiyə və Rusiya qarşı tərəflərdir. Türkiyə Azərbaycanı dəstəkləyir. Rusiya Ermənistana dəstək verir, amma Rusiya həmçinin Azərbaycanı da dəstəkləyir. Fikrimcə, Rusiya Azərbaycan və Ermənistan arasında bir balans sxemi üzrə oynayır. O, Ermənistanı demək olar ki, qəti şəkildə dəstəkləyir, amma eyni zamanda Azərbaycanı da heç vaxt tamamilə kənarda qoymur.

Beləliklə, bunu nəzərə alaraq, bəlkə də bu, Türkiyə ilə Rusiyanın münaqişələrin həlli və güclərin bölüşdürülməsinə dair razılığa gələ biləcəkləri daha bir sahəyə gedən başqa bir yoldur. Onlar bunu artıq Suriyada edib. Türkiyə və Rusiya əvvəllər Suriyadakı münaqişədə qarşı tərəflər idi. İndi onlar Suriyada gücləri bölüşdürüb. Onlar Liviyada da bunu etmək üzrədir. Türkiyə və Rusiya Liviyada qarşı tərəfləri dəstəkləyir. Lakin indi döyüşlərdə bir az sakitlik var və onlar qarşı tərəfləri dəstəklədikləri, ancaq birlikdə yaşamağı öyrəndikləri Suriyada olduğuna bənzər bir razılıq əldə edə bilər. Maraqlıdır ki, bu, Cənubi Qafqazda da, xüsusilə də Avropa güdrətləri və ABŞ-ın mövcudluğunun olmadığı bir şəraitdə bununla nəticələnəcəkmi?

Bu, Rusiyanın Qərbi Cənubi Qafqazdan kənarlaşdırmaq və bu bölgədə Türkiyə ilə qarşılıqlı təsir göstərmək kimi gündəminə uyğundur. Və Rusiya buna işarə edib. Məsələn, hərbi əməliyyatların Ermənistan ərazisində aparılmadığını deyərək, döyüşlərdə iştirak etmədiyini bildirdi. Beləliklə, Ermənistanı müdafiə etmək öhdəliyindən bir növ geri çəkildi. Mənə görə bu, Rusiyanın Azərbaycana `gedib bir az ərazi götürə bilərsən, sonra Türkiyə ilə sülhə, ya da güclərin bölüşdürülməsinə dair razılaşma əldə edərik` deməsidir.

Buna nail olunurmu? Hesab edirəm ki, bu, Bakının qazandığı bir qələbə ola bilər, amma Rusiya bəlkə də daha çox qazanır, çünki Ermənistan Rusiyanı tərk etməyəcək. O, Cənubi Qafqazda onun beynəlxalq səviyyədə etibar etdiyi yeganə ölkədir. Türkiyə lideri Erdoğan Rusiya lideri Vladimir Putinin işləmək istədiyi liderdir. Və əlbəttə ki, azərbaycanlılar da rusların Ermənistana itirilən ərazilərinin bir hissəsini geri almaq üçün onlara yaşıl işıq verməsinə görə razı qalacaqlar.

Amerikanın Səsi: Belə olan təqdirdə prezident Ərdoğan və prezident Putinin hədəfləri nədir?

Söner Çağaptay: Putinin daha geniş hədəfi odur ki, mənim fikrimcə, bəzilərimiz soyuq müharibənin 1991-ci ildə bitdiyinə inanır. Mən bəzən Putinin soyuq müharibənin birinci hissəsinin 1991-ci ildə bitdiyinə inanıb-inanmadığını düşünürəm. Futbolla müqayisə etsək, ikinci hissə artıq gedir və Rusiya qalib gəlmək üçün oynayır. Rusiya soyuq müharibənin ikinci hissəsində NATO-nun ikinci ən böyük ordusu olan Türkiyəni ən böyük orduya malik olan ABŞ-a qarşı qoymaqla necə qalib gələcək?

Buna görə hesab edirəm ki, Putin Suriyada Türkiyə ilə ABŞ arasında münasibətlərdə çatlar yaratmaq üçün müxtəlif qarşıdurmalardan istifadə edib. Və ola bilsin ki, indi bunu Cənubi Qafqazda da etmək istəyir. O, Türkiyənin və onun müttəfiqi olan Azərbaycanın mövqeyi üçün əlverişli görünmək istəyir. Buna görə də bu münaqişədən Rusiya və Türkiyənin sülh razılaşması əldə etməsi ilə çıxsaq, bu, türk-rus əməkdaşlığının, əməkdaşlıq səhv söz ola bilər, yumşaq güc bölüşdürülməsinin bir sahəsi və eyni zamanda Ərdoğan Putin dialoqunun bir sahəsi olacaq. Beləliklə də bu, Ərdoğan və Putin arasında Liviya və Suriya ilə yanaşı Cənubi Qafqazda da güc bölgüsü və bir-biri ilə münasibət məsələsində konsensusun əldə edilməsi ilə nəticələnə bilər.

Amerikanın Səsi: Hərbi münaqişənin regional riskləri barədə nə söyləyə bilərsiniz?

Söner Çağaptay: Bunun humanitar tərəfi - mülki hədəflərə qarşı hücumlar son dərəcə narahatedici və kədərləndiricidir.

Cənubi Qafqazda Türkiyə və Rusiya ilə yanaşı üçüncü oyunçu, əsas oyunçulardan biri İrandır. İran sakitdir. İranın Ermənistanla dərin strateji əlaqələri var. Amma İranın bu dəfə Türkiyənin üstündən keçmək istədiyini düşünmürəm. Mən deyərdim ki, məsələnin daha da gərginləşməsinə səbəb odur ki, hər iki tərəfin - ermənilərin və azərbaycanlıların raketləri var. Və bilirsiniz ki, şəhərlərə və mülki əhaliyə hücumlar bizim görmək istəmədiyimiz şeydir. Buna görə də ümid etmək istərdim ki, münaqişə tezliklə bitəcək.

XS
SM
MD
LG