Las Veqasdakı istehlakçı elektronikası sərgisi ilk növbədə əyləncə, informasiya əldə etmək və ünsiyyət qadcetlərinin təqdimat məkanı kimi tanınır. Lakin buradakı tibbi texnika yaradıcıları rəqəmsal texnologiya və süni zəka nailiyyətlərinin tətbiqində həmkarlarından geri qalmırlar.
Intel və Hoobox Robotics şirkətləri tərəfindən hazırlanan təkərli oturacaq, sahibinin üz ifadəsi ilə idarə olunur. Gülümsəyərək, qaşları və ya dodaqları tərpədərək oturacağı hərəkətə gətirmək mümkündür. “Real Sense” videokamerası istifadəçinin mimikasını oxuyur, süni zəka isə həmin an əldə edilən məlumatı alqoritm halına salır və oturacağı idarə edir.
Hoobox şirkətinin rəhbəri Paulo Pineyronun dediyinə görə, bu ideya hava limanının gözləmə zalında gözəl təbəssümlü qızı görəndə ağlına gəlib. Pineyro anlayıb ki, həmin qızın istifadə etdiyi oturacağı məhz elə üz ifadəsi ilə idarə etmək olar.
Esight şirkətinin yaratdığı elektron eynək Roza Hendersonun həyatını dəyişib. Onun doğuşdan kəskin görmə məhdudiyyəti var. Cihaza quraşdırılmış yüksək keyfiyyətli sürətli çəkiliş kamerası insanın önündə və yanlarda görə biləcəyi hər şeyi qeydə alır. İstehsalçılar deyir ki, bu cihazla insan real vaxt rejimində görür. Roza Henderson sanki görmə qabiliyyətinin bərpa olunduğunu hiss etdiyini deyir.
NeoFect şirkətinin rəhbəri Skott Kim “yeni əl” adlanan NeoMano cihazını təqdim edir. Onun sayəsində onurğa travması olanlar, Parkinson xəstəliyindən əziyyət çəkənlər və ya insult yaşamış insanlar əşyaları götürə, onların əllərində saxlaya bilərlər.
Bu titan simlərdən ibarət karkası olan dəri əlcək isə batareya və Bluetooth vasitəsilə çalışır.