Accessibility links

Sürüşmə zonasında torpaq satanlar məsuliyyətə cəlb ediləcəkmi?


Ekologiya Nazirliyinin məlumatına görə, Bakıda bəzi sürüşmə sahələri aktivləşib. Nazirliyin oktyabrın 22-ə olan məlumatına görə Badamdarda çoxlu sayda yeni çatlar müşahidə edilir. Sürüşmə sahəsinin yuxarı hissəsində süxur qopmaları davam edir.

Milli Geoloji Kəşfiyyat Xidmətində ekspedisiya rəisi Əziz Qaralov deyir ki, Badamdardan başqa Zığda və Mazasırda da sürüşmə fəallaşıb. Ötən həftə Bayılda Buxta küçəsində bir ev uçub, Masazırda Zəli gölü ətrafında yeni salınan qəsəbədə isə 8 evdə çatlar yaranıb.

Əziz Qaralov Bakıdakı sürüşməni əsas iki səbəblə bağlayır. Deyir ki, sürüşmə probleminin həlli üçün birincisi Bakının kanalizasiya sistemi yenilənməli, ikincisi yeraltı suların təbii axın istiqaməti dəyişdirilməməlidir.

“Bakı şəhərində hal-hazırda böyük tikinti prosesi gedir - hündürmərtəbəlilər tikilir. Tikinti zamanı bünövrə qazılır – bəzən 1 metr, bəzən onda da çox və bu zaman laylar kəsilir, dəmir beton konstruksiyalarla bünövrə tikilir. Lay kəsildi, beton töküldüsə qrunt suyunun təbii axın istiqaməti dəyişir. Və hardasa dəyişiklikdən sonra pazlaşaraq başqa yerdə üzə çıxır. Qrunt sularının dəyişməyinə bizdə səbəb aparılan tikintilərdir”.

Bakı şəhər İcra hakimiyyəti başçısının müavini Eldar Əzizov yerli mediaya müsahibəsində demişdi ki, sürüşmə ərazisindəki evlərin çoxu onilliklərdir tikilib və məsuliyyəti bu tikintiyə icazə verənlər daşıyır. Amma Bakıdakı sürüşmə ərazilərində tikililərin heç də hamısı köhnə deyil. Bu ərazilərdə az qala hər il yaz-payız mövsümündə sürüşmə fəallaşır.

İndi boyunlarından atırlar...

"Biz də demək olar hər il o sahələrdə yaşayanlarla söhbət edirik. Onlar adətən jurnalistlərə bildirirlər ki, tikinti üçün torpağı və icazəni bir qayda olaraq icra strukturlarından alırlar, buna da uyğun ödəniş də edirlər”.

Nübar qəsəbə sakini Feruz Zeynalov: "Qaz pulu, işıq pulu hamısını da ödəmişəm mən qanun adamıyam. Çalışmışam bütün işim qanunla olsun"

Masazır sakini Aqibət Məmmədova: "Bilsəydim bura sürüşmə ərazisidir, alardımmı? Bilməmişik, xəbərsiz olmuşuq"

Masazır sakini Cəlil İbrahimov: "Mən bu evi 2007-ci ildə tikmişəm. Nə o vaxt burda sürüşmə vardı, nədəki mənə “tikmə” deyən. Bu evi də tikəndə bütün icranın, bələdiyyənin nümayəndələri olub. İndi də boyunlarından atırlar ki, bizim xəbərimiz olmayıb. Burda 3 mərtəbəli ev də tikilib. Necə olub ki, onların xəbəri olmayıb?"

Hacıbala Abutalıbov
Hacıbala Abutalıbov

Evini sürüşmə təhlükəli ərazilərdə tikən sakinlər deyirdilər ki, ərazinin təhlükəli olmasından xəbərləri olmayıb. Kimi bələdiyyənin, kimi də yerli icra hakimiyyətinin balansında olan topraqları alıb. Tikintinin layihəsini isə yerli icra hakimiyyətləri təsdiqləyir. Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov modern.az-da elə sürüşmə ərazisindəki torpaqların onun tərəfindən satılması ilə bağlı iddiaları rədd etmişdi. O bildirmişdi ki, Badamdarda kanalizasiya sistemi qurulsa sürüşmə problemi qismən həll oluna bilər.

Ekologiya nazirliyinin məlumatına görə, Bakıda son iki ildə sürüşmə nöqtlərinin sayı 2 dəfə artıb, 100-ə çatıb.

Sakinlər deyirlər ki, onlar evlərini tikərkən ərazinin sürüşmə təhlükəsi olmasından xəbərsiz olub. Dövlət rəsmiləri isə deyirlər ki, bu tikililər qanunsuz aparılıb.

Ekologiya Nazirliyinin rəsmisi Əziz Qaralov deyir ki, sürüşmə probleminin həlli üçün Nazirlər Kabineti 2015-ci ildə qərar qəbul edib. Azərbaycanda torpaq sürüşməsi təhlükəsi olan sahələrin elektron xəritələri təsdiqlənib və bu sahələrdə tikinti işlərinin qadağan edilməsi haqqında qərar verilib:

"Sürüşməyə meylli ərazilərin konturları və coğrafi koordinatları içində olmaqla biz kitab şəklində çap etmişik. Müvafiq icra orqanlarında bunlar var. İstənilən icra orqanları hər hansı bir yaşayış, infrastruktur və digər məsələlər üçün torpaq ayıranda o kitaba baxa bilər ki, bu, sürüşməyə meylli ərazidirmi, ya deyilmi. Amma tikinti aparılanda bizdən icazə alınmır, bizdən arayış tələb olunmur. Biz ancaq ev qəzalı vəziyyətə düşəndə yada düşürük ki, görəsən bu sürüşmənin səbəbi nədir".

Əziz Qaralov bildirir ki, vətəndaşlar da internetdən bu qərarda sürüşmə təhlükəli ərazilərlə tanış ola bilərlər.

Baş nazirin müavini Hacıbala Abutalıbov deyib ki, Yaponiyadan dəvət etdikləri mütəxəssisin rəyini gözləyirlər. Ondan sonra kompleks tədbirlər görüləcək. O, Badamdardakı sürüşmənin əsas səbəbini kanalizasiya sisteminin olmamasında görür.

AzadlıqRadiosu bu barədə Bakı sakinləri ilə də söhbət edib:

Landşaftşünas Şəbnəm Karslı deyir ki, sürüşmə problemini həll etmək üçün Bakıdakı tikintilərə diqqət yetirilməlidir. Bakıda kanalizasiya sistemi yenilənməli, olmayan qəsəbələrdə yeniləri qurulmalıdır. Bakının yeraltı sularının istiqaməti dəyişdirilməlidir. Sürüşmə ərazisindən sakinlər köçürülməli və ərazi boşaldılmalıdır:

"Mütəxəssis gəlib ərazini landşaft kimi araşdırmalıdır ki, torpağın altında nə var, üstündə nə var, hansı qatı necədir. Bu mütləq araşdırılmalıdır. Onun üzərindəki inşaatlar bu gün dayandırılmalıdır. Drenaj şəbəkəsi quruşdırılmalıdır və kanalizasiya sisteminə bağlanmalıdır. Kanalizasiya sistemi gücləndirilməlidir. Yəni, infrastruktur qurulmalıdır. Yəni, torpağın altındakı infrastruktur günü bugün gücləndirilməlidir ki, onun üstündə rahat gəzə bilək. Qrunt sularının təbii axını keçən ərazilərdən insanlar mütləq mənada köçürülməlidir".

Mütəxəssis hesab edir ki, Bakı və ətraf qəsəbələrdə sürüşmə təhlükəsinə qarşı tədbirlər təcili görülməlidir. Əks halda, təkcə ayrı-ayrı qəsəbələr deyil, bütövlükdə Bakıda ciddi təhlükə yarana bilər.

Lakin ən mühüm məsələlərdən biri də sürüşmə zonasında torpaq satların aşkarlanıb məsuliyyətə cəlb edilməsidir. Hələlik bunun üstünü vuran yoxdur.

AzadlıqRadiosu

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG