Accessibility links

Səfir Eldar Həsənov şübhəli şəxs qismində tutulub


Eldar Həsənov

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov şübhəli şəxs qismində saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatına görə, maliyyə yoxlamaları zamanı səfir tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

“Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilmiş, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib. Maliyyə yoxlamaları zamanı Azərbaycanın Serbiyada, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovtərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.”

Dövlət Təhlükəsizliyi Xidməti bu il iyulun 3-də Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri keçirib.

DTX bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.

Eldar Həsənovun ailə üzvləri onun saxlanılmasına hələ münasibət bildirməyib. Yerli medianın məlumatına görə, Həsənovun hüquqlarını vəkil Adil İsmayılov müdafiə edəcək. Adil İsmayılovdan da şərh almaq hələ mümkün olmayıb.

Həsənov 2013-cü ildən Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiridir. O bundan öncə 2001-2013-cü illərdə Rumıniyada səfir olub. Həsənov həmçinin 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru olub.

XS
SM
MD
LG