Accessibility links

Səfir Hantsman ABŞ-ın Ukraynanın ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib


ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman
ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman

ABŞ-ın Rusiyadakı səfiri Vaşinqtonun Ukraynanın ərazi bütövlüyünün müdafiəsi məsələsinə sadiq qaldığını bildirərək, Moskvanın Krımı ilhaq etməsi və Ukraynanın şərqində münaqişənin “Rusiya ilə münasibətlərin soyuqlaşmasının əsasında durduğunu” deyib.

AzadlıqRadiosunun Rus xidmətinə müsahibə verən səfir Con Hantsman həmçinin Rusiyanı “Ukrayna xalqının ölkənin bərpa edilməsini görəcəyi prosesdə iştirak etməyə” çağırıb.

“Biz Ukraynanın çox pis şəkildə pozulmuş ərazi bütövlüyünə görə narahatıq. Moskvanın Krımı ilhaq etməsi və Ukraynanın şərqində münaqişə davam edir. Bütöv və azad Ukraynanın bərpası istiqamətində heç bir müsbət addım atılmayıb” – deyə, səfir Hanstman bildirib.

ABŞ səfiri deyib ki, Rusiyaya qarşı sanksiyalar Birləşmiş Ştatlarda əsas siyasi partiyaların razılaşdığı az məsələlərdən biridir.

“Birləşmiş Ştatlar Senatında bu məsələdə respublikaçılar və demokratların demək olar 100 faizi birdir”, Hantsman bildirib.

ABŞ səfiri bu açıqlamaları Krımın Rusiya tərəfindən ilhaqının 5 ilinin tamam olduğu bir vaxt verib. Rusiyanın bu addımı BMT-yə üzv dövlətlərin böyük əksəriyyəti tərəfindən rədd edilib.

Krımın ilhaqından sonra Rusiya tərəfindən dəstəklənən silahlı şəxslərin Ukraynanın şərqində Donbas regionunda hökumət binalarını ələ keçirməsi nəticəsində bölgədə müharibə başlayıb.

Beynəlxalq Cinayətlərə dair Məhkəmə 2016-cı il noyabr ayında Ukraynanın şərqində müharibənin “Ukrayna və Rusiya Federasiyası arasında beynəlxalq silahlı münaqişə” olduğu haqda qərar verib.

XS
SM
MD
LG