Britaniyanın ABŞ-dakı keçmiş səfiri prezident Donald Trampın İranla nüvə sazişindən çıxmasını “diplomatik vandalism” kimi qiymətləndirib. Səfir göndərdiyi diplomatik teleqramda Trampın 2015-ci ildə İran və dünya qüdrətləri arasında əldə edilmiş razılaşmadan çıxmasının səbəbini bu razılığın onun sələfi prezident Barak Obama ilə bağlı olması ilə əlaqələndirib.
Bu haqda Britaniyanın The Mail qəzeti səfirin sızdırılmış diplomatik yazışmalarına əsasən məlumat verib.
Qəzet keçmiş səfir Kim Darrokun göndərdiyi diplomatik teleqramı bazar günü dərc edib.
Keçən həftə qəzet səfir Darrokun Donald Tramp haqda Birləşmiş Ştatlar liderini “bacarıqsız” və “özünə inamı olmayan”, administrasiyasının isə “səriştəsiz” olduğu kimi təsvir etdiyi fikirlərini əks etdirən diplomatik teleqramlarını dərc etmişdi.
Darrok diplomatik yazışmaların sızdırılması və Trampın Twitter sosial şəbəkəsində ona hücumlarından sonra keçən həftə istefa verib.
Prezident Tramp səfirin yazışmalarının sızdırılmasından sonra Kim Darroku “çox axmaq adam” adlandırıb. ABŞ prezidenti bundan sonra Britaniya səfiri ilə “işləməyəcəyini” bildirib.
Sızdırılmış diplomatik yazışmalar Britaniyanın yüksək səviyyəli rəsmilərinin tanışlığı üçün nəzərdə tutulurdu.