Accessibility links

Səhiyyə naziri jurnalisti mühakimə etdirmək fikrindən vaz keçdi


Səhiyyə naziri Oqtay Şirəliyev jurnalist Teymur Kərimova qarşı Nəsimi rayon məhkəməsində xüsusi ittiham qaydasında qaldırdığı iddia ərizəsinin geri qaytarılmasını istəyib.

Bu, barədə iyunun 14-də hakim Azər Tağıyev məhkəmədə elan edib.

Hakim Azər Tağıyev bildirib ki, bu, ərizədən imtina kimi qəbul olunur. Ona görə də Oqtay Şirəliyevin iddiası icraata götürülmür.

Nazir Teymur Kərimovun CM-nin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulan cəzanın ən yuxarı həddində cəzalandırılmasını istəyirdi. Şirəliyev iddia ərizəsində yazırdı ki, bloqer nazirliyin qarşısındakı aksiyada səsləndirdiyi fikirlərlə onu təhqir edib, mənimsəmədə, rüşvət almaqda, insan ölümündə günahlandırıb.

Teymur Kərimov öz növbəsində bu günə kimi dəstək verən hər kəsə təşəkkür edib.

Teymur Kərimovun anası onkoloji xəstə idi. Jurnalistin anası iyunun 8-də vəfat edib.

Jurnalist anasının dərmanlarının vaxtında verilməməsi, dövlət tibb müəssisələrində pulsuz verilməli olan dərmanları pulla aldığı və rüşvət hallarına etiraz olaraq mayın 18-də Səhiyyə Nazirliyinin binası önündə təkbaşına aksiya keçirib. O, anasının dərmanlarını almaq, rüşvət üçün pulunun qalmadığını və bu səbəbdən geyindiyi paltarları satışa çıxardığını bildirirərək etiraz edib.

“Anam onkoloji xəstədir. Xəstəxanada ona lazım olan dərmanlar və reaktivlər vaxtlı-vaxtında verilmir, rüşvət alırlar. Ona görə aksiya keçirmişəm. Rüşvət vermişəm ki, demişəm. Anama görə məcbur olub rüşvət vermişəm. Axırda pulum qurtardı, gördüm dərmanları ala bilmirəm. Spirtdi, bintdi, reaktivlərdir, bunların heç hansı verilmir. Axırda 500 manat lazım idi ki, gedib anam üçün dərman alım. Bunun üçün mən gedib Səhiyyə Nazirliyinin qarşısında paltarlarımı satışa çıxarıb aksiya etdim. Mən doğru olanı demişəm” , jurnalist aksiya zamanı qeyd edib.

Səhiyyə Nazirliyi Teymir Kərimovun dediklərini təkzib edib. Nazirliyin yaydığı məlumatda Kərimovun anasına edilən müalicələrin pullu olması barədə iddia əsassız adlandırılıb.

Səhiyyə naziri Oqtay Şirəliyev
Səhiyyə naziri Oqtay Şirəliyev

“Bu adamın nazirliyə qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır və həqiqətə uyğun deyil. Xəstənin müalicə kursları müasir protokollara uyğun olaraq aparılır. Protokola daxil olan preparatlar innovasion dərman preparatlarıdır.”

Mətbuat xidməti qeyd edib ki, institut preparatlarla dövlət proqramı çərçivəsində tam təmin olunur.

Jurnalist iyunun 8-də anasının ölümündən sonra Facebook səhifəsində ona “alver” təklif edildiyini yazıb.

“Mənə anamın cansız bədəninin üstündən alver təklif edirlər. Unutmayın, mən nə qədər yaralı olsam da bir o qədər möhkəməm. Sizin həbsiniz məni qorxutmur. Başqa anaların ölməməsi üçün mücadilə aparacam” , Kərimov yazıb.

XS
SM
MD
LG