Accessibility links

Səhiyyə Nazirliyi: Azərbaycanda 12-15 yaşlı yeniyetmələrə də vaksin vurulacaq


Azərbaycanda 12-15 yaşlı yeniyetmələrə vaksin vurulacaq.

Bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin məlumatında deyilir.

"Cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası qərar qəbul edib"- deyə, məlumatda qeyd edilib.

Rəsmi məlumata görə, müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurula bilər.

12-15 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 611 206, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 508 115, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 103 091 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə noyabrın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.
Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir. Böyük ticarət mərkəzlərinə, ictimai iaşə obyektlərinə, iş yerlərinə COVID-19 pasportu olanlar buraxılır. Oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunur.

Əlavə olaraq, istirahət və əyləncə məkanlarının (klublar daxil olmaqla), həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların, iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin fəaliyyəti bərpa olunub.

XS
SM
MD
LG