"Əhali arasında xəstələnmə nəticəsində yaranan təbii immunitet və eyni zamanda vaksinasiya tədbirləri nəticəsində yaranan süni immunitet əhalinin 70%-də formalaşarsa, epidemik proses sönəcək."
Bu sözləri Səhiyyə Nazirliyinin Respublika Gigiyena Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva bildirib.
Onun sözlərinə görə, COVID-19 infeksiyasına qarşı vaksinasiyanın aparılmasının əsas məqsədi əhali arasında kollektiv immunitetin yaranması, bu infeksiyanın yayılmasının qarşısının alınması və idarə edilən səviyyəyə çatdırılmasına nail olmaqdır:
"Ölkədə vaksinasiya tədbirləri mərhələlərlə həyata keçirilir. Birinci mərhələdə əhalinin risk qrupları peyvənd olunacaq. Bu əhali qruplarına ilk növbədə tibb işçiləri, tənəffüs sisteminin xroniki xəstəlikləri olan şəxslər, yaşı 65 yaşdan yuxarı olan insanlar və digərləri aiddir. Azərbaycanda istifadə olunan “CoronaVak “ vaksini təhlükəsiz və effektivdir. Vaksinin effektivliyi klinik tədqiqatlar əsasında yüksək (91,5%) qiymətləndirilib," Əliyeva bildirib.
Nazirliyin nümayəndəsi deyib ki, hazırda ölkədə yoluxma sayının azalması müşahidə olunur. Lakin tətbiq olunan qaydalara əhali tərəfindən riayət olunmazsa, xəstəliyin yenidən artması baş verə bilər.
Yanvarın 18-də Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib.
Azərbaycanda Çin istehsalı olan "CoronaVAC" vaksini ilə peyvəndlənmə həyata keçirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə iki mərhələdən ibarət olan bu prosesin birinci mərhələsi fevralın 1-də başa çatmalıdır.
Peyvəndlər birinci mərhələdə risk qrupuna aid şəxslərə vurulmalıdır. Söhbət səhiyyə işçilərindən, 65 yaşdan yuxarı şəxslərdən və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyətdən gedir.
İkinci mərhələdə tibbi cəhətdən yüksək risk qrupunda olanlara (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), ən azı bir xroniki xəstəliyi olan 50 yaş, yaşı daha yuxarı olan şəxslərə, təhsil, sosial sektor, ASAN Xidmət, DOST mərkəzlərində və ictimai xidmətdə çalışanlara üstünlük tanınmalıdır.
Rəsmi açıqlamaya görə, Azərbaycan əvvəlcə "Sinovac" şirkətindən (Çin) 2 milyon doza "CoronaVac" vaksini alacaq. Bu prosesin mərhələlərlə həyata keçirildiyi qeyd edilib. Ümumilikdə "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş edildiyi açıqlanıb. Bu, 2 milyon əhaliyə kifayət etməlidir. Ümumilikdə əhalinin 40 faizinin (4 milyon) bu prosesə cəlb ediləcəyinin gözləndiyi vurğulanıb.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan ölkədə tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.
Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunur.