Accessibility links

Səhiyyə Nazirliyi: Koronavirusla bağlı özünümüalicə çox təhlükəlidir


"Hazırda kəskin respirator virus infeksiyaların mövsümü artımı dövründəyik. Yeni koronavirus və digər respirator virus infeksiyalarının klinik əlamətləri o qədər oxşardır ki, bunları ayırd etmək çox çətindir və bəzən isə xüsusi laborator müayinələrsiz mümkün deyil."

Bu barədə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov əhaliyə müraciətində bildirib.

"Buna görə bir daha vətəndaşlarımıza tövsiyə olunur ki, özlərində hərarət, ümumi zəiflik, kataral əlamətlər hiss etdikdə evdə qalmalı, özünü təcrid edərək telefonla sahə həkiminə müraciət etməlidirlər. Yalnız müvafiq həkim-mütəxəssis sizi müayinə edərək düzgün qərar verə bilər. Yeni koronavirus infeksiyası təsdiqlənmiş və ya güman edilən hallarda özünümüalicə ilə məşğul olmaq çox təhlükəlidir," o qeyd edib.

Bundan əlavə nazirlik rəsmisi vurğulayır ki, evdə müalicəsinə icazə verilən yüngül xəstələrə müxtəlif antibiotik və hormonal dərmanların istifadəsi yolverilməzdir.

"Antibiotik preparatlarının virusa heç bir təsiri yoxdur, əksinə, bədəndə olan faydalı mikroorqanizmləri məhv etməklə və immun sistemi zəiflətməklə zərər vurur, eyni zamanda hormonal preparatlar bu halda xəstəliyin əlamətlərini təhrif edərək xəstədə aldadıcı yaxşılaşma təəsüratı yaradır və ağırlaşmalar baş verərsə, çox geç aşkarlanır və gecikmiş hospitalizasiyanın nəticəsi bir çox hallarda faciəvi olur. Bir daha təkidlə tövsiyə edirik ki, həyatınızı riskə atmayın, özünüzü narahat hiss etdikdə gecikmədən yaşayış yeri üzrə poliklinikaya müraciət edin, sağlamlığınızı yalnız müvafiq ixtisaslı peşəkar həkimlərə etibar edin," müraciətdə qeyd edilir.

Öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib ki, rəqəmlər sürətlə artmağa davam edərsə, çətin vəziyyət yaranar.

Harmancı əlavə edib ki, Azərbaycan əhalisinin sayına görə yoluxma və ölüm halları hazırda Gürcüstan, Qazaxıstan və İsrail kimi ölkələrlə müqayisədə daha azdır.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi dekabrın 1-dək davam edəcək.

Nazirlər Kabineti son zamanlar yoluxma hallarının artmasını nəzərə alaraq karantin rejimini sərtləşdirib. Belə ki, Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və bir sıra digər şəhər və rayonlarda həftə sonları ictimai nəqliyyatın hərəkəti qadağan edilib.

Ölkə üzrə təhsil müəssislələrində tədris onlayn qaydada aprılır. Bakı metrosunun fəaliyyəti dayandırılıb.

Son günlər bir sıra şəhər və kəndlərə giriş-çıxış qadağan edilib.

Şərhlərə bax

XS
SM
MD
LG