Hüquqşünas Səməd Rəhimli Amerikanın Səsinə müsahibəsidnə karantin rejiminin tətbiq qaydalarından danışıb.
Amerikanın Səsi: Karantin rejimi zamanı evdən icazə ilə çıxmaq qaydasının konstitutsion hüquqi əsasları varmı?
Dövlət hakimiyyət orqanları müxtəlif formalı məhdudlaşdırıcı tədbirlər görə bilərlər. İnsanların ölkə daxilində hərəkət azadlığına məhdudiyyət qoya bilərlər.
Səməd Rəhimli: Karantin rejimi zamanı evdən icazə ilə çıxmaq qaydasının konstitutsion hüquqi əsasları prinsip etibarı ilə var. Yəni konstitutsiyaya əsasən fövqaladə vəziyyətdə və yaxud fövqaladə vəziyyətə yaxın vəziyyətə bənzər vəziyyətlərdə dövlət hakimiyyət orqanları müxtəlif formalı məhdudlaşdırıcı tədbirlər görə bilərlər. İnsanların ölkə daxilində hərəkət azadlığına məhdudiyyət qoya bilərlər. O cümlədən, bu tipli məsələlərdə qanunvericilik aktları qəbul edə bilərlər. Belə qanunvericilik aktları da qəbul olunub. Misal üçün, `Sanitar epidemioloji sağlamlıq haqqında` qanunda da nəzərədə tutulub ki, müxtəlif karantin tədbirləri həyata keçirilə bilər və icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası prezidenti, Nazirlər Kabineti və digər hökümət orqanları və onların nəzdində olan qurumlar bu məsələdə prinsip etibarı ilə səlahiyyətli ola bilərlər. Amma, təbii ki, bunun üçün zərurət sübut olunmalıdır. Yəni, elə belə karantin tətbiq oluna bilməz. Buna sübut kimi də hal-hazırda dünyada bir çox ekspertlərin, yaxud da ÜST-nın hazırkı pandemiyanı təhlükəli sayması, buna görə karantin, sosial məsafə və digər məhdudlayıcı tədbirləri görməsinə dair tövsiyyələri əsas götürülür və tətbiq olunur. Bu baxımdan konstitutsion hüquqi əsaslar var. Amma konkret olaraq zərurətin müzakirəsi də mümükündür. Məsələn, belə zərurətin olduğunu düşünmürəm. Bu mövqedə olan azlıqdadır. Çoxluq o mövqedədir ki, xüsusilə bu sahədə olan ekspertlərin bir hissəsi o mövqedədir ki, karantin tədbirləri görülməlidir. Düzgün olan o idi ki, fövqaladə vəziyyət elan olunaraq bunlar tətbiq edilsin. Amma burada prinsip etibarı ilə `Sanitar epidomioloji sağlamlıq haqqında` qanunda fövqəladə hal olmadan bunun tətbiqini mümkün edir. Düzdür burada müəyyən mübahisə var. Burada hüquqi mübahisə olsa belə, son nəticədə fövqalədə vəziyyətin tətbiq edilib-edilməməsi barədə səlahiyyəti müvafiq qurumların üzərindədir. Və onlar bu səlahiyyətin həyata keçirmədiklərinə görə hər hansı hüquqi məsuliyyət daşımırlar, siyasi məsuliyyət daşısalar da.
Amerikanın Səsi: Sistemin praktikada hƏyata keçirilməsində hansı problemlər ortaya çıxır?
Açıqladılar ki, 70 mindən çox insanı cərimələyiblər. Bu kifayət qədər böyük rəqəmdir.
Səməd Rəhimli: Praktikada çox ciddi problemlər var. Biz hamımız da bunu görürük. Mövcud karantin rejimi Çinin totalitar təcrübəsi əsasında qurulub. Tək Azərbaycanda deyil, bir çox dünya ölkələrində və bu model əsasında karantin tətbiq olunur. Bu karantin isə insan təbiətinə ziddiyyət təşkil edir. Çox güclü şəkildə polis zorakılığı vasitəsilə həyata keçirilə bilir. Ona görə də praktikada müxtəlif problemlər olur. İnsanlar adi həyatı yaşayışları və gördükləri bir çox fəaliyyətləri ilə ziddiyyət təşkil elədiyi üçün, artıq uzun müddət tətbiq olunduğu üçün ortada ciddi problemlər yaranır. Ona görə də bu problemləri gördükdə insanlar ağır şərtdə olan karantini pozmalı olurlar. Buna görə hüquqi sanksiyalara məruz qalırlar. Artıq açıqladılar ki, 70 mindən çox insanı cərimələyiblər. Bu kifayət qədər böyük rəqəmdir.
Amerikanın Səsi: Bir çox ölkələr karantin rejimi tetbiq etdilər. Beynəlxalq təcrübə necədir, sərt icazə sistemi olmadan insanların sosial izolyasiyasını təmin etmək olurmu?
Bu səviyyədə sosial izolyasiyanı təmin etmək mümkün deyil.
Səməd Rəhimli: Prinsip etibarı ilə etmək olur. Məsələn, İsveç təcrübəsi, yaxud Azərbaycana daha yaxın olan Belarus təcrübəsinə baxa bilərik ki, onlar ya karantin tətbiq eləmədilər, ya sərt tədbir görmədilər. Hər bir halda yoluxmaların sayı azdır. İnsanların sosial izolasiyasını bu qədər uzun müddətə qırmaq heç də asan bir şey deyil. Ona görə də bir çox ölkələrin təcrübəsində güman edirəm ki problem yaranıb. Mən bu məsələləri arzu olan formada araşdırmasam da ümumi bir qənaət kimi deyə bilərəm ki, bir çox ölkələrin təcrübəsində problemlər var. Ümumiyyətlə mən karantin təcrübəsinin əleyhinəyəm və hesab edirəm ki, hər hansı karantin tətbiq olunmamalı idi. Çünki bu səviyyədə sosial izolyasiyanı təmin etmək mümkün deyil. Amma belə görünür ki, müəyyən Avropa ölkələri müəyyən səviyyədə sosial izolyasiyanı təmin edə biliblər. Sosial izolyasiyanı təmin elədikləri üçün nail ola biliblər. Sosial izolyasiya yoluxmaların sayını nə dərəcədə azaldıbdır bu artıq spekulyativ məsələdir və bununla bağlı əlimizdə düz əməlli informasiya yoxdur.
Amerikanın Səsi: Cərimələrə və inzibati həbslərə məruz qalmış şəxslər gələcəkdə Avropa məhkəməsinə bu işləri daşıya bilərlərmi?
Karantin qaydaları şəxsi həyat hüququna məhdudiyyət qoyur. Avropa məhkəməsi şəxsi həyat hüququna məhdudiyyətlər qoyulmasında dövlətlərin mülahizə səlahiyyətlərini geniş mənada tanıyır.
Səməd Rəhimli: Cərimələrə və inzibati həbslərə məruz qalmış şəxslər bunlar Avropa məhkəməsinə aparıla bilərlər. Amma, indi məsələ bundan ibarətdir ki, bu halda bu iş Avropa məhkəməsinə gedəndə Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması) ilə gedəsidir. Bir çox hallarda biz görəsiyik ki, bu halda şəxsin özünün özü tərəfindən karantin qaydalarını pozulmasını mübahisələndirilməyəcəyi üçün ədalət mühakimə hüququnda prosessusal pozuntusu məsələsi ciddi mənada ortaya çıxmayasıdır. Eləcə də karantin qaydaları şəxsi həyat hüququna məhdudiyyət qoyur. Avropa məhkəməsi şəxsi həyat hüququna məhdudiyyətlər qoyulmasında dövlətlərin mülahizə səlahiyyətlərini geniş mənada tanıyır. Bundan əlavə Avropa məhkəməsinin özü bu pandemiya dövründə 3 aylıq fəaliyyətini dayandırmışdır. Bunları nəzərə aldıqda bu işlərin prespektivi o qədər də güclü görünmür. Nə ədalət mühakiməsinin pozuntusu, nə də 8-ci maddə ilə pozuntular müəyyən ediləcəyinə dair ciddi perspektiv görünmür. Hər iş öz halından aslıdır. Ola bilər ki, Azərbaycanda bu ədalət mühakiməsi hüququnun hansısa prosessual pozuntuları geniş yayılıb. Ola bilər ki, bu prosessual pozuntular baxımdan nəsə bir şey müəyyən edilsin.Amma digər məsələlər şəxsi həyat hüququna qoyulan məhdudiyyətlə bağlı dövlətin geniş mülahizə səlahiyyəti guman ki, Avropa məhkəməsi tərəfindən tanınasıdır. Bu mənim gümanımdan ibarətdir hazırkı halda. Siyasi hüquqların həyata keçirilməsi ilə bağlı yəni toplaşmaq, birləşmək, -bu dönəmdə çox nümunə görmədiyimiz üçün nəsə demək çətindir. Amma, karantin vaxtı tətbiq olunan cərimələr, inzibati həbslər şəxsi həyat hüququnun pozuntusu ilə bağlı məsələləri əhatə edir.