Accessibility links

Səməd Seyidov: “Bir xalqın – fransızların etirazı ilə, burda bir qrup adamın etirazını səhv salmayın”


Səməd Seyidov
Səməd Seyidov

“Təəssüflər olsun ki, hansısa problem qabardılır, şişirdilir, bunu ümummilli problem kimi ortaya qoyurlar. Halbuki bu, hansısa qurumun, hansısa məmurun normal fəaliyyət göstərmədiyinə görə yaranıb. Təbiidir, indi islahatlar gedir, qurumlar dəyişir, idarəetmə sistemi mükəmməlləşir, yeni nəsil gəlir hakimiyyətə. Bu prosesin içində, ola bilsin, hardasa bir problem yaranıb...”

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Qarabağ döyüşlərində həlak olan insanların yaxınlarının 11 min manatı ala bilməməsinə münasibət bildirərkən belə deyib.

Beynəlxalq təşkilatların işi nöqsanları, düzgün olmayan məsələləri üzə çıxarmaq, bu istiqamətdə fikir söyləməkdir. Ən əsası odur ki, heç kim İlham Əliyevin xalq tərəfindən seçilməsini şübhə altına ala bilməz.
Səməd Seyidov

AzadlıqRadiosu-nun suallarını cavablandıran YAP-çı deputat daha nə deyib, başa çatmaqda olan illə bağlı nələr söyləyib, ətraflı müsahibədə:

- 2018-ci ildə Azərbaycan başqa ölkələrlə müqayisədə böyük uğurlar əldə edib. Bu il prezident seçkiləri uğurla keçirildi. TANAP-ın açılışı oldu, Xəzər dənizinin statusu müəyyənləşdirildi və s.

- Siz ilin hadisələri sırasında 2018-ci ilin prezident seçkisini qeyd etdiniz. Amma müxalifət seçkini boykot etdi, beynəlxalq qurumlar “xalqın iradəsini əks etdirmədi” deyib tənqid etdilər, seçki komissiyalarının tərkibinə yenidən baxılmasını, seçki qanunvericiliyinin dəyişdirilməsini tövsiyə etdilər. Bu tövsiyələr nəzərə alınacaqmı?

- Beynəlxalq təşkilatların işi nöqsanları, düzgün olmayan məsələləri üzə çıxarmaq, bu istiqamətdə fikir söyləməkdir. Ən əsası odur ki, heç kim İlham Əliyevin xalq tərəfindən seçilməsini şübhə altına ala bilməz. Bu yaxınlarda Gürcüstanda, Ermənistanda seçkilər keçirildi. Beynəlxalq təşkilatlar bu seçkilərlə bağlı da tənqidi fikirlər səsləndirdilər. Bu, onların işidir. Mən dedim, Azərbaycanda keçirilən seçkiləri heç kim şübhə altına ala bilməz. Əsas uğur budur – Azərbaycanda sabit hakimiyyət mövcuddur və bu hakimiyyət siyasi, iqtisadi uğurlar əldə edir. Sabit olmayan hakimiyyət uğur qazana bilməz. Uzağa getmək lazım deyil, Gürcüstanda da, Ermənistanda da hakimiyyət sabit deyil deyə güclü irəliləyişdən söhbət getmir. Orda seçkilər keçirilsə də, ancaq hökumətin formalaşması, müxalifət-iqtidar ziddiyyəti, hakimiyyət daxilində klan qarşıdurması, qondarma Qarabağ hakimiyyəti ilə Ermənistanda oturanlar arasında çaxnaşmalar göstərir ki, burda sabitlikdən danışmaq tezdir. Bu yoxdursa, iqtisadi uğur da yoxdur. Ancaq Azərbaycanda əksinədir, seçkilər keçiriləndən sonra iqtisadi istiqamətdə işlər görülür, müqavilələr bağlanır. Bunlar sabitlik olmadan mümkün deyil.

"HAMI YAXŞI BİLİR Kİ, ÇİRKLİ PULLAR BİR ÖLKƏ TƏRƏFİNDƏN YUYULA BİLMƏZ"

- REAL Partiyasının sədri İlqar Məmmədovun şərti də olsa azadlığa buraxılması ilin hadisələri sırasındadır. Siz mətbuata demişdiniz ki, bu məsələyə görə Azərbaycan hakimiyyətinin başı beynəlxalq qurumlarda çox ağrıyıb, bundan sonra işiniz asanlaşacaq. Amma bununla belə hüquq müdafiəçiləri bildirirlər ki, Azərbaycanda həbsxanalarda elə bil rotasiya gedir, siyasi motivlə həbs edilənlər buraxılsa da, yerlərini yeniləri tutulur.

- Birincisi, mən həbsxanada olanlara ordan çıxmağı arzu edirəm. Allah heç kimin yolunu ora salmasın. Bu, hər kəs üçün faciəvi, çətin, xoşagəlməz dövrdür. Ancaq qanun qarşısında hər kəs bərabər olmalıdır. Bəli, demişəm, bir daha təkrar edirəm ki, İlqar Məmmədovun azadlığa buraxılması beynəlxalq təşkilatlarda işimizə köməklik göstərdi. Bu istiqamətdə hələ yenə işlər aparıla bilər. O ki qaldı rotasiya termininə, o termini hakimiyyət yox, “siyasi məhbuslar” siyahısını hazırlayan şəxslər xoşlayır. Ona görə ki, hansısa problem həll olunursa, onlar işsiz qalırlar və dərhal başlayırlar axtarmağa, görsünlər kimi təqdim edirlər, hansı formada beynəlxalq təşkilatların gündəmindən düşmürlər. Məhbuslar məsələsi deyəndə “laundromat” (Azərbaycandan milyardlarla vəsaitin çıxarılaraq xaricdə lobbiçilik işinə xərcləndiyini üzə çıxaran araşdırma – red.) məsələsi gündəmə gəlir, “laundromat” gündəmə gələndə məhbus məsələsi yada düşür. Bunların məqsədi Azərbaycanı gündəmdən çıxarmamaqdır. Bir misal çəkim. Avropa Şurasında çirkli pulların yuyulması ilə bağlı yeni məruzə hazırlanır. Vacib məsələdir. Bütün ölkələr orda şərh olunur. Heç kim cinayətdən, pulların yuyulmasından sığortalanmayıb, istər inkişaf etmiş ölkələr olsun, istər Baltikyanı ölkələr, istər Rusiya, istərsə də Azərbaycan. Azərbaycan korrupsiyaya qarşı mübarizənin aparılmasında maraqlıdır, ASAN Xidmət buna nümunədir. Bu, dövlətin siyasi iradəsidir. Amma Avropa Şurasında bəzi dövlətlər bu məruzəni kənara qoyurlar. Hamı yaxşı bilir ki, çirkli pullar bir ölkə tərəfindən yuyula bilməz. Buna ən azı, bir neçə ölkə lazımdır. Bunlar məruzəni qoyurlar qırağa və deyirlər gəlin Azərbaycanı ayrıca müzakirə edək. Soruşmaq ayıb olmasın, başqa ölkələrdə bu problem yoxdurmu? Əlbəttə, var. Soruşmaq ayıb olmasın, başqa ölkələrdə bu cür qanun pozuntusu baş vermirmi? Əlbəttə, baş verir. Amma hamını qoyurlar qırağa, Azərbaycanı müzakirə edirlər. Özü də insan haqları istiqamətində müsbət addım atdığımız vaxt. Bir balaca nəfəsimizi dərmək istəyirdik ki, bəli, beynəlxalq təşkilatlarla konstruktiv danışıqlara başlayaq, “Azərbaycanın imici birdən düzələr” deyə dərhal gündəmə başqa məsələ atırlar.

Hamı yaxşı bilir ki, çirkli pullar bir ölkə tərəfindən yuyula bilməz. Buna ən azı, bir neçə ölkə lazımdır. Bunlar məruzəni qoyurlar qırağa və deyirlər gəlin Azərbaycanı ayrıca müzakirə edək. Soruşmaq ayıb olmasın, başqa ölkələrdə bu problem yoxdurmu?
Səməd Seyidov

"AZƏRBAYCANDA HARADA ANTİHÖKUMƏT MİTİNQİNİN QARŞISI ALINDI?"

- Səməd müəllim, bu il həm də Cümhuriyyət ilidir, onun yüzilliyidir. Onun qurucusu Rəsulzadə deyirdi: “İnsanlara hürriyyət, millətlərə istiqlal”. Sizcə, Azərbaycan insanı özünü hürr sayırmı? Axı, bu gün də insan haqları sahəsində, məsələn, söz, ifadə, toplaşmaq azadlığı ilə bağlı problemlər qalmaqdadır, saytlar bloklanır, kütləvi aksiyalarla bağlı məhdudiyyətlər var və s.

- Bir neçə həftə əvvəl Azərbaycan deputatlarının bir qrupu Avropa Parlamentində Cümhuriyyətlə bağlı böyük bir tədbir keçirdilər. Azərbaycan 30 ilə yaxındır müstəqillik qazanıb. Siz deyə bilərsinizmi, nə vaxt Azərbaycan xaricdə bu qədər uğur əldə etmişdi? Azərbaycan bu gün BMT üzvüdür, Avropa Şurasının üzvüdür, Avropa Parlamenti ilə danışıqları 2019-cu ildə davam etdirərək müqavilə imzalaya bilər. Azərbaycan beynəlxalq miqyasda çox böyük hörmətə malik ölkədir. Təbii ki, Azərbaycanın da problemi var. Kim inkar edir? Bunu ancaq Azərbaycandan xəbəri olmayanlar deyə bilər. Hər bir ölkənin problemi var. Baxın görün ABŞ-da nə baş verir, Fransada nə baş verir. Biz bugünlərdə Strasburqda Avropa Parlamentinin binasında tədbirdə idik. Birdən qapılar bağlandı, bina blokadaya alındı, yoxlama aparıldı. Daha sonra Parisə getdik. Orda polis küçədə sarıgödəkçəlilərlə sözün əsl mənasında müharibəyə çıxmışdı. Siz bundan sonra Parisdə problem olmadığını deyə bilərsiniz?

- Amma fransızlar ən azından küçəyə çıxmaq, hökumətdən narazılığını ifadə etmək imkanındadır və üstəlik, hökumət bu tələblər qarşısında bir qədər geri çəkilməli oldu. Sizcə, Azərbaycanda nə qədər realdır ki, minlərlə insan çıxa küçəyə və deyə ki, cənab prezident, 143 manat dolanmaq üçün çox azdır, bunu artırın?

- Birincisi, Fransada hökumətin geri çəkilməsi iqtisadi cəhətdən tamamilə düzgün olmayan addımların nəticəsi idi. Xalq arasındakı ab-havanı nəzərə almadan belə addımlar atılması inqilaba gətirdi. Hökumət geri çəkilməsəydi, prezident iqamətgahına hücum olacaqdı. Bu, hakimiyyət böhranı idi. Azərbaycanda harada antihökumət mitinqinin qarşısı alındı? Hökumət mitinq keçirmək istəyir, fikrini bildirmək istəyir etsin də. Hansısa etiraz varsa dinlənilir, nəzərə alınır, günahkarlar cəzalanır. Bir xalqın – fransızların etirazı ilə burda bir qrup adamın etirazını səhv salmayın, xahiş edirəm.

Təəssüflər olsun ki, hansısa problem qabardılır, şişirdilir, bunu ümummilli problem kimi ortaya qoyurlar. Halbuki bu, hansısa qurumun, hansısa məmurun normal fəaliyyət göstərmədiyinə görə yaranıb.
Səməd Seyidov

"ERMƏNİSTANIN GƏLƏCƏYİ RUSİYA İLƏ YOX, AZƏRBAYCANLA BAĞLIDIR"

- Qarabağda döyüşdə həlak olan bir qrup insanın yaxınları bir müddətdir etiraz etsələr də, onlara düşən 11 min manatı ala bilmirlər. Onlar bununla bağlı Prezident Administrasiyasinda, nazirlikdə, Nazirlər Kabinetində olsalar belə, bir qrup insanın problemi yoluna qoyulmamış qalmaqdadır.

- Cənab prezidentin fərmanı əsasında kimə nə qədər pul ayrılıbsa, o çatacaq. Siz nə qədər səhv tapmağa çalışsanız, onu tapacaqsınız. Təəssüflər olsun ki, hansısa problem qabardılır, şişirdilir, bunu ümummilli problem kimi ortaya qoyurlar. Halbuki bu, hansısa qurumun, hansısa məmurun normal fəaliyyət göstərmədiyinə görə yaranıb. Təbiidir, indi islahatlar gedir, qurumlar dəyişir, idarəetmə sistemi mükəmməlləşir, yeni nəsil gəlir hakimiyyətə. Bu prosesin içində, ola bilsin, hardasa bir problem yaranıb. Bunu ümummilli problem kimi təqdim etmək düzgün deyil. Biz müqayisədə problemləri götürəndə görərik ki, Azərbaycanda gedən proseslər həm siyasi, həm iqtisadi, həm də mədəni baxımdan ölkənin inkişafına xidmət edir. Heç bir hərəkət etməyən adam səhv etmir. 2019-cu il bizim üçün hər cəhətdən uğurlu il ola bilər. O cümlədən də Dağlıq Qarabağ istiqamətində uğurlar əldə edilə bilər. Artıq belə ab-hava da formalaşıb. Təəssüflər olsun ki, ermənilər son vaxtlar müharibədən çox, konstruktiv yanaşmadan qorxmağa başlayıblar. Başa düşmürlər ki, Ermənistanın gələcəyi Rusiya ilə yox, nə qədər qəribə səslənsə də, Azərbaycanla bağlıdır.

(c) AzadlıqRadiosu

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG