Accessibility links

Sənədsiz evlərlə bağlı işlərin sürətləndiyi bildirilir


Sovetski ərazisi
Sovetski ərazisi

Azərbaycanda artıq illərdir ki, evlərin sənədləşdirilməməsi problemindən bəhs edilir. Bəzi ekspertlərin hesablamalarına görə, ölkədə 600 min civarında sənədsiz ev var. Hələ 2011-ci ilin martında Bakı şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Prezident İlham Əliyev rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı xüsusi tapşırıq verdiyini açıqlamışdı. "Ancaq elə etmək lazımdır ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısı tam şəkildə alınsın. Sirr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər irəli sürülə, rüşvət, əsassız maraqlar ola bilər. Bu, reallıqdır. Ona görə də Hacıbala Abutalıbova göstəriş vermişəm. Bu məsələnin həlli üçün şəffaf mexanizm işlənməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək", - prezident bildirmişdi.

"30 il yaşadığı evi rəsmiləşdirə bilməyən sakinlər var"

2019-cu ilin mayında da Bakı şəhər İcra Hakimiyyətinin artıq yeni başçısı Eldar Əzizov bildirmişdi ki, Prezident İlham Əliyev onu şəxsən çağırıb və yerlərdə görüşlər keçirməyi tapşırıb: "10 il, 20 il, 30 il yaşadığı evi rəsmiləşdirə bilməyən sakinlər var. Hazırda məsələ ilə bağlı yaradılmış komissiya çalışır. Prezident İlham Əliyev tərəfindən sənəd hazırlanır. Əminəm ki, sənədsiz evlər məsələsi bütün ölkə üzrə birdəfəlik öz həllini tapacaq".

Lakin məsələ hələ də öz həllini tapmayıb. Evlərin sənədləşdirilməsi işi nə yerdədir? Bu problem illərlə niyə öz həllini tapa bilmir?

"Yerli ekspert komissiyaları yaradılıb"

Nazirlər Kabinetindən "Turan"a bildirilib ki, prezidentin tapşırığına əsasən Prezident Administrasiyasının rəhbəri 2019-cu il iyunun 27-də Tədbirlər Planını təsdiq edib: "Problemin mərhələli həllini nəzərdə tutan Tədbirlər Planına uyğun olaraq, yerli ekspert komissiyaları yaradılıb. Komissiyaların tərkibinə yerli icra hakimiyyəti orqanlarının, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Fövqəladə Hallar, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və digər qurumların nümayəndələri daxildir".

Qurumun məlumatına görə, hazırda həmin komissiyalar müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılmasını həyata keçirirlər: "Eyni zamanda, yaşayış evlərinin və torpaq sahələrinin mühafizə və sürüşmə zonalarına düşüb-düşmədiyi, kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşib-yerləşmədiyi məsələsi də diqqətdə saxlanılır".

"163 min daşınmaz əmlak üzrə işlər yekunlaşıb"

Nazirlər Kabinetindən vurğulanıb ki, Bakı şəhərində 163 min daşınmaz əmlak üzrə işlər yekunlaşıb. Habelə, qeyd edildiyinə görə, digər şəhər və rayonlarda isə təxminən 2 min yaşayış məntəqəsi üzrə 84 min daşınmaz əmlakdan 74.6 mini ilə bağlı işlər başa çatıb.

İqtisadiyyat Nazirliyindən isə "Turan"a bildirilib ki, 2020-ci ildə koronavirus pandemiyası səbəbindən inventarlaşdırma işləri müvəqqəti olaraq təxirə salınmışdı: "Bu il isə inventarlaşdırma davam edir. İnventarlaşdırma işləri başa çatdıqdan sonra aidiyyəti qurumlar tərəfindən nəticələrin təhlilinin aparılacağı və qanunvericilikdə dəyişiklərlə bağlı təkliflərin hazırlanacağı gözlənilir. Sənədləşmə neft kontraktlarının əhatə etdiyi ərazilərə və infrastruktur sahələrinin mühafizə zolaqlarına (Xəzər dənizinin mühafizə zolaqları, yüksəkgərginlikli elektrik xətlərinin keçdiyi torpaqlar, neft-qaz kəmərlərinin keçdiyi ərazilər və s.) düşməyən tikililərə aiddir".

Nazirlikdən qeyd olunub ki, 2015-ci il yanvar ayından etibarən yüz mindən artıq ev sənədləşdirilib.

"Pandemiya səbəbindən proses bir qədər ləngidi"

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən isə agentliyə deyilib ki, inventarlaşdırma istisnasız olaraq bütün sənədsiz evləri əhatə edəcək: "Sadəcə, 2020-ci ildə pandemiya səbəbindən proses bir qədər ləngidi. Evlərə getmək mümkün olmadı. Bu ildən proses yenidən geniş miqyasda başladılıb".

Əmlak eksperti Ramil Osmanlı isə AzadlıqRadiosuna bildirib ki, Tədbir Planı qəbul olandan sonra evlərin sənədləşdirilməsi ilə bağlı prosesin getməməsi üçün heç bir səbəb yoxdur. Onun fikrincə, nəzərə almaq lazımdır ki, bu ara Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin strukturu dəyişib, O, İqtisadiyyat Nazirliyinə birləşdirilib və buna görə Tədbirlər Planı ilə bağlı işlər ləngiyib: "Ola bilsin ki, burada pandemiyanın da öz rolu oldu. Amma son 6 ay müddətində, düşünmürəm ki, pandemiya ilə bağlı ünvanlara gedib araşdırma aparılması üçün hər hansı problem var".

"Sənədləşdirmədən sonra qiyməti 20 faiz artacaq"

Ramil Osmanlı bildirib ki, sözügedən evlərin sənədləşdirilmə prosesindən sonra qiyməti 20 faiz artacaq: "Hazırda sənədli və sənədsiz torpaqların qiymətində fərq var. Sənədləşmə prosesinin icrasından sonra bu evlərin ümumi dəyərində 20 faizə qədər qiymət fərqi yaranacaq. Yəni, həmin evlər bu gün 50 min manata satılırsa, sənədləşmədən sonra bazara 60-65 min manata daxil olacaq".

Ekspertin sözlərinə görə, prosesin ən vacib tərəfi isə odur ki, sənədləşmədən sonra bu evlərdən dövlət büdcəsinə daxilolmalar artacaq: "Hesablamalara görə, il ərzində Azərbaycan sənədsiz evlərə görə 50 milyon manatdan artıq vəsait itirir".

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG