Accessibility links

Sərhəd pozucusu öldürülüb


Azərbaycan-İran sərhədində sərhədi pozan İran vətəndaşı öldürülüb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, insident noyabrın 23-də Fizuli rayonunun Böyük Bəhmənli kəndi (Bakıdan 323 kilometr cənub-qərb) yaxınlığında baş verib.

Belə ki, Azərbaycanın dövlət sərhədini pozan 2 nəfər naməlum şəxs sərhədçilərə atəş açıb. Azərbaycan sərhədçiləri silah tətbiq edərək sərhəd pozucularından birini zərərsizləşdirib. Digər sərhəd pozucusu İran ərazisinə qaçıb.

“İran sərhəd nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxış keçirilərkən aldığı güllə yarasından hadisə yerində ölmüş sərhəd pozucusunun İran vətəndaşı olması müəyyən edilib,” məlumatda deyilir.

Hadisə yerindən ümumi çəkisi 2595 qram olan marixuana və metafetamin növündə narkotik vasitə, mobil telefon, bıçaq, 2 ədəd patron gilizləri aşkarlandığı bildirilir.

Azərbaycan sərhədlərində ən çox silahlı insident İranla sərhəddə qeydə alınır. Rəsmi məlumatların təhlili göstərir ki, Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklərin əksəriyyəti İran ərazisi vasitəsi ilə daşınır. Hüquq- mühafizə və gömrük orqanları İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən və Avropa ölkələrinə daşınması nəzərdə tutulan tonlarla narkotik tutub, onlarla insanı saxlayıb.

Eyni zamanda dövlətə xəyanətdə günahlandırılan bir sıra şəxslərin məhkəməsi zamanı onların İranla sərhədi qanunsuz yolla keçdiyinin istintaqla müəyyən edildiyi bildirilib.

2018-ci ilin sonlarında və bu il ərzində iki ölkə sərhəd təhlükəsizliyi məsələlərini dəfələrlə müzakirə etsə də, demək olar ki, rəsmi mənbələr hər həftə İrandan gətirilən narkotik vasitələrin tutulması barədə məlumatlar yayır. Bununla yanaşı, bu il İranla sərhəddə silahlı insident zamanı bir neçə nəfər ölüb və ya yaralanıb.

Sonuncu dəfə bu il oktyabrın 2-də Azərbaycanın Beyləqan rayonunun Əmirzeyitli kəndi (Bakıdan 291 kilometr cənub-qərb) yaxınlığında dövlət sərhədini İran tərəfdən pozan 3 nəfər öldürülüb. Onlardan 15 kiloqramdan çox narkotik götürülüb.

XS
SM
MD
LG