Accessibility links

Sərhədsiz Reportyorlar Azərbaycanı jurnalisti həbsdən azad etməyə çağırıb


Polad Aslanov

Sərhədsiz Reportyorlar” beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycanı xeberman.com saytının təsisçisi Polad Aslanovu dərhal azad etməyə çağırıb.

Təşkilatın Tvitter akkauntunda deyilir ki, Polad Aslanovun işi üzrə məhkəmədə dövlət ittihamçısı jurnalistin dövlətə xəyanət ittihamı ilə 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

“Polad Aslanov Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin korrupsiyası barədə materiallar dərc edib. “Sərhədsiz Reportyorlar” bu saxta ittihamları pisləyir və Polad Aslanovu dərhal azad etməyə çağırır,” məlumatda bildirilir.

Oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror jurnalistə 17 il həbs istəyib.

Xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanov 2019-cu il iyunun 12-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatda deyilir ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Polad Aslanov ittihamı qəbul etmir, xaricə ziyarətə zəvvarları aparan şirkətlərdən xüsusi xidmət orqanları əməkdaşlarının rüşvət alması barədə yazılarına görə sifarişlə cəzalandırıldığını bildirir.

XS
SM
MD
LG