Accessibility links

Sərhədsiz Reportyorlar: Azərbaycanın son müxalifət qəzeti “Azadlıq” 2016-cı ildə çapını dayandırmağa məcbur edilib


“Azərbaycanın son müxalifət qəzeti olan “Azadlıq” qəzeti 2016-cı ilin sentyabrında çapını dayandırmaq məcburiyyətində qalıb. Hazırda “online” fəaliyyət göstərir”.

Bu barədə Sərhədsiz Reportyorlar Təşkilatının son 5 ildə dünyada hakimiyyətlər tərəfindən çapını dayandırmağa məcbur edilən qəzetlər barədə hesabatında deyilir.

Sənəddə qeyd edilir ki, Sərhədsiz Reportyorlar son beş ildə hökumətlərin qəzəbinə tuş gələn azı 22 qəzetinin çapının dayandırılması ilə bağlı məlumata malikdir.

“Dünyada çapının dayandırmağa məcbur qalan ən son qəzet “Apple Daily”dir. Qəzet iyunun 23-də Honq Konq və Çin hökumətlərinin təzyiqi nəticəsində fəaliyyətini dayandırıb. Bu qəzetin qapanması hüquqi təqib və iqtisadi sıxışdırma ilə qəzetlərin bağlanmağa məcbur edilməsinə nümunədir. Çin hökumətini hələ də tənqid edən bir neçə Çin dilli media orqanlarından biri olan Apple Daily son nəticədə məhkəmə təqibi və ya iqtisadi təzyiq yolu ilə qəsdən “öldürülən” bir qəzetin son nümunəsidir,” hesabatda qeyd edilir.

Sərhədsiz Reportyorlar bildirir ki, Rusiyada "Vtimes" saytı, Mərakeşdə “Əxbar əl-Yövm”, Birmada “7 Day News” və “Eleven” qəzetləri də bağlanıb. Səbəb Birmada 2021-ci ilin fevralında baş verən dövlət çevrilişidir. Həmin bir neçə həftə ərzində ölkənin bütün müstəqil media qurumlarının sonu çatıb. Hərbi xunta martda bir çox medianın lisenziyalarını ləğv edib.

“Jurnalistlər qətlə yetirilir, onlara fiziki zorakılıq tətbiq edilir, elə qəzetlər də onlar kimi öldürülür. Bu, adi hal alıb”, Sərhədsiz Reportyorların baş katibi Kristof Delua deyib.

Təşkilat qeyd edir ki, qəzetlərin iqtisadi imkanlarının boğulması, onlara qarşı hüquqi qısnama geniş yayılmış təcrübədir.

Hesabtada həmçinin bildirilir ki, müstəqil qəzetləri susdurmaq üçün belə yollara əl atan ölkələrin əksəriyyəti Sərhədsiz Reportyorların 180 ölkəni əhatə edən “2021 Dünya Mətbuat Azadlığı İndeksi”ndə aşağı və ya çox aşağı səviyyədədir. Məsələn, Hong Kong 80, Zambiya 115, Nikaraqua 121, Fas 136, Myanmar 140, Kamboca 144, Venezuela 148, Rusiya 150, Türkiyə 153, Misir 166, Azərbaycan 167, Tacikistan 162, Çin 177. İstisnalarla 37 və 59-cu sırada yer alan Burkina Faso və Nigerdir,” təşkilat bildirir.

Azərbaycan hökuməti ölkədə media azadlığının tam təmin edildiyini bildirir. Hökumət rəsmiləri müstəqil və müxalifət mediasına qarşı təzyiqlərlə bağlı tənqidləri qərəzli sayır.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri hazırda 7 jurnalist və blogerin həbsdə olduğunu bildirir. Məhkəmələr çoxsaylı müxalif və müstəqil media orqanlarının, o cümlədən Azadlıq radiosunun, Azadlıq qəzetinin, Meydan TV-nin internet saytlarına ölkə daxilində girişi məhdudlaşdırıb.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG