Accessibility links

Sərhədsiz Reportyorlar: Azərbaycan hakimiyyəti jurnalistin taleyinə görə məsuliyyət daşıyır


Əfqan Muxtarlı
Əfqan Muxtarlı

"Sərhədsiz Reportyorlar" (RSF) beynəlxalq mətbuat azadlığını müdafiə təşkilatı həbsdə aclıq aksiyasına başlayan Azərbaycanlı jurnalist Əfqan Muxtarlının səhhətindən həddindən artıq narahatdır.

Azərbaycan hakimiyyəti onun taleyinə görə məsuliyyət daşıyır və beynəlxalq ictimaiyyət onun dərhal azad edilməsinə nail olmalıdır", bu barədə "Sərhədsiz Reportyorlar"ın bəyanatında deyilir.

"Bu məşhur araşdırmaçı jurnalist böyük təhlükədədir, çünki diabet və hipertoniyası olmasına baxmayaraq, sentyabrın 22-də vəkilinin hüquqlarının pozulmasına etiraz əlaməti olaraq aclıq elan edib", bəyanatda bildirilir.

"O, bu aclığın onun həyatını təhlükə altına qoyduğunu bilir, amma ədalətli məhkəməyə ümidi olmamasına baxmayaraq, o, bu addımı atıb", Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva bildirib.

"Əfqan Muxtarlı 2017-ci ilin mayında qonşu Gürcüstanda oğurlandıqdan və mühacirətdən məcburi şəkildə qaytarıldıqdan sonra uydurma ittihamla 6 il müddətinə azadlıqdan məhrum edilib. "Biz Əfqan Muxtarlının vəziyyətindən həddindən artıq narahatıq və onun taleyinə görə məsuliyyəti Azərbaycan hakimiyyətinin üzərinə qoyuruq", deyə RSF-nin Şərqi Avropa və Mərkəzi Asiyada üzrə nümayəndəliyinin rəhbəri İohann Bir bildirib.

"Gürcüstanda oğurlanma və həbsdə təqib yolverilməz ədalətsizlikdir. Azərbaycan hökumətini onu dərhal azad etməyə çağırırıq və onun təqibində əli olan hər kəsə qarşı beynəlxalq sanksiyalar tətbiq edilməsi üçün əlimizdən gələni edəcəyik", deyə təşkilatın bəyanatında bildirilir.

Araşdırmaçı jurnalist Əfqan Muxtarlı 2017-ci ilin mayında Tbilisidən gizlincə Azərbaycana göndərilərək həbs edildiyini bildirib. Sonradan məhkəmə onu qaçaqmalçılıq və sərhədçiyə qarşı güc tətbiq etmək ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edib.

Beynəlxalq Amnesty İnternational təşkilatı Əfqan Muxtarlını "vicdan məhbusu" kimi tanıyıb.

Azərbaycan hökuməti bir qayda olaraq beynəlxalq və yerli tənqidləri qəbul etmir, qərəzli sayır. Rəsmi Bakı ölkədə mətbuat azadlığının tam təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu bildirir.

XS
SM
MD
LG