Accessibility links

Sərhədsiz Reportyorlar Azərbaycan hakimiyyətini jurnalistə qarşı qeyri-insani rəftara son qoymağa çağırır


Polad Aslanov
Polad Aslanov

“Sərhədsiz Reportyorlar” beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla qeyri-insani rəftara son qoymağa, ona tibbi yardım göstərməyə və fevralın 15-də Bakı Apellyasiya Məhkəməsində ədalətli təhqiqatı təmin etməyə çağırır.

Təşkilatın fevralın 9-da yaydığı bəyanatda deyilir ki, xeberman.com və Press-az.com saytlarının təsisçisi Polad Aslanov hüquq-mühafizə orqanlarında korrupsiyanı tənqid edib, amma o, İranın xeyrinə dövlətə xəyanətdə ittiham olunub və 2019-cu ilin iyununda həbs edilib. 2020-ci ilin noyabrında ona 16 illik həbs cəzası verilib.

Hazırda Aslanov fevralın 1-də hüquqlarının pozulmasına etiraz əlaməti olaraq başladığı aclıq aksiyasını davam etdirir.

“19 aylıq həbsdən, ədalətli məhkəmə təhqiqatı və ev dustaqlığına keçirilmə tələbi ilə keçirdiyi 8 günlük aclıq aksiyasından sonra Polad Aslanovun səhhəti pisləşib. O həddindən artıq arıqlayıb və böyrəklərindəki ağrılardan şikayət edir, həyat yoldaşı ona həkim nəzarəti olmadığını bildirir,” bəyanatda qeyd edilir.

Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Faiq Qəniyevin sədrliyi ilə 2020-ci il noyabrın 16-da Polad Aslanovu 16 il azadlıqdan məhrum edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Polad Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Polad Aslanov məhkəmədə ittihamı qəbul etmədiyini və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.

ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri bürosunun ötən il noyabrın 2-də yaydığı bəyanatda Azərbaycan hakimiyyəti 2019-cu ilin iyunundan bəri Dövlət Təhlükəsizliyi Xidmətindəki korrupsiyanı ifşa etdikdən sonra tutulan Polad Aslanov da daxil olmaqla, əsas azadlıqlardan istifadə etdiyinə görə həbs edilən bütün jurnalistləri sərbəst buraxmasına çağırılır.

2021-ci il fevralın 1-də Polad Aslanovun apellyasiya şikayətinə baxış başlayıb.

Jurnalist məhkəmədə prosesin obyektivliyinin təmin edilməsini tələb edərək, aclıq elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG