Accessibility links

Sərhədsiz Reportyorlar: Cəzasızlığa yox deyirik!


"Azərbaycanda reportyor Zaur Qəmbərov Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinin rəhbəri və onun sürücüsü tərəfindən döyülüb. Hücuma səbəb COVİD 19 pandemiyası dövründə yardımın ədalətli paylanmaması haqqında video olub. Hadisə araşdırılmalıdır. Cəzasızlığa yox deyirik!"

Bu barədə "Sərhədsiz Reportyorlar" beynəlxalq mətbuatı müdafiə təşkilatı Twitter hesabında məlumat yayıb.

Anews.az xəbər saytının müxbiri Zaur Qəmbərov Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev və onun sürücüsü İsfəndiyar Qələndərov tərəfindən döyülüb. Hadisə mayın 4-də, Qəmbərov daxil olan şikayəti araşdırmaq üçün DSMF şöbəsində olarkən baş verib.

Anews.az-ın məlumatında deyilir ki, DSMF rəhbərinin müavini İbrahim Ələsgərovla söhbət zamanı Qələndərov otağa daxil olub və jurnalisti təhqir etməyə başlayıb.

Qələndərov jurnalisti hədələyib və dəhlizə çıxaraq orada “haqq-hesab çəkməyə” çağırıb.

Dəhlizdə Qələndərov jurnalisti təhqir etməyə davam edib. Orada olan Xudaverdiyev görüb ki, jurnalist hadisəni mobil telefonunla qeydə alır, telefonu müxbirin əlindən alıb, sonra onu yerə yıxaraq təpikləyib. Müxbir telefonunu almağa çalışarkən məmur onu əli ilə vurub.

Münaqişə bir müddət davam edib və müxbir Xudaverdiyev və onun sürücüsü tərəfindən fiziki təzyiqə məruz qalıb.

Redaksiya insident ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Lakin bu qurumda müxbirin özünü günahandırıblar ki, şöbənin rəisi İbrahim Ələsgərovun otağına girərək məmuru təhqir edib.

Redaksiya sındırılmış telefonu və Qəmbərovun qanlı əllərinin fotosunu nazirliyə təqdim edib, baş verənlər isə DSMF-nin videomüşahidə kameraları tərəfindən qeydə alınıb.

“Şübhə etmirik ki, Elsun Xudaverdiyev kimilərin nazirlik rəhbərliyi tərəfindən cəzasız qalması özlərini vətəndaşlara və jurnalistlərə qarşı belə qanunsuz və hüquqazidd aparmalarına rəvac verən amillərdəndir,” redaksiyanın bəyanatında deyilir.

Sayt hüquq-mühafizə orqanlarına müraciət edərək Xudaverdiyev və sürücüsünün məsuliyyətə cəlb edilməsini xahiş edib. Redaksiya həmçinin Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib, Gədəbəy rayonunda özbaşınalıq edənlərin cəzalandırılması üçün yardım göstərilməsini xahiş edib.

Öz növbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib ki, Gədəbəydə anews.az saytının müxbirinin DSMF rayon şöbəsində döyülməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, mayın 4-də Zaur Qənbərov şöbənin inzibati binasında şöbə müdirinin müavini İbrahim Ələsgərovun otağına gələrək onu təhqir edib, səs-küyə sürücü İsfəndiyar Qələndərov otağa daxil olarkən onu da hədələyərək sürücüylə mübahisə edib.

"İdarənin müdirini və işçiləri təhqir edib, hədə-qorxu gəlib. İdarənin iş ahəngini 40 dəqiqəyə yaxın pozub. Zaur Qənbərovla bağlı insidentə və onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün DSMF-nin yerli şöbəsi tərəfindən Gədəbəy Rayon Prokurorluğuna müraciət olunub," mətbuat xidmətinin rəhbəri qeyd edib.

XS
SM
MD
LG