Accessibility links

“Sərhədsiz Reportyorlar” Fransa polisini azərbaycanlı blogeri qorumağa çağırır


Məhəmməd Mirzəli

"Sərhədsiz Reportyorlar" beynəlxalq mətbuatı müdafiə təşkilatı Fransa polisini həmin ölkədə yaşayan azərbaycanlı siyasi mühacir və videobloger Məhəmməd Mirzəlini qorumağa çağırıb.

Martın 14-də bloger bir qrup şəxsin hücumuna məruz qalıb, Nant şəhərinin mərkəzində blogerə ondan çox bıçaq xəsarəti yetirilib. Üç gün əvvəl Mirzəlinin telefonuna Azərbaycan dilində təhdidlər daxil olub.

"Bu, sonuncu xəbərdarlıqdır", deyə Mirzəlinin martın 21-də, hücumdan düz bir həftə sonra aldığı mesajda bildirilir.

"Səni problemsiz öldürə bilərik. Gördün ki, heç nədən qorxmuruq. Bacılarımızı təhqir etməyə davam etsən snayper başından vuracaq." Bu mesaja imza kimi "Andres Qraqmel" yazılıb.

2020-ci il oktyabrın 6-da Nant şəhərində blogerə qarşı sui-qəsd törədilmişdi. Naməlum şəxs onun mindiyi avtomobilə bir neçə dəfə atəş açıb.

Bundan əvvəl, elə həmin il o, Facebookda messencerdə belə bir təhdid mesajı alıb: "Səsini kəsməsən başına gələnləri görəcəksən".

Fransa polisi Mirzəliyə hücumla bağlı təhqiqatın gedişatını şərh etməkdən imtina edib.

"On bıçaq yarasından sonra Məhəmməd Mirzəli altı saatdan çox davam edən əməliyyat keçirməli olub. Hələ başa çatmayan təhqiqatın nəticəsini gözləyərkən və onun ünvanına yeni ölüm təhdidlərinin daxil olduğunu nəzərə alaraq, onun polis tərəfindən qorunmasını xahiş edirik," Sərhədsiz Reportyorların bəyanatında deyilir.

Yerli medianın məlumatlarına görə, Mirzəlinin Azərbaycanda yaşayan ailə üzvləri də təzyiqlərə qalıb. Onun atası və bacısının həyat yoldaşı 2017-ci ildə həbs edilib. Bundan başqa, onun bacısının intim videogörüntüləri ailə üzvlərinə göndərilərək, onları Telegram kanalı vasitəsilə yaymaqla hədələyiblər.

2016-cı ildən bəri Fransada sığınacaq alan Mirzəli ölkə rəhbərliyinə qarşı təhqiramiz və kəskin tənqidi çıxışları ilə tanınır.

XS
SM
MD
LG