Accessibility links

“Sərhədsiz reportyorlar” jurnalistin dərhal azad olunmasını tələb edir


Natiq İsbatov

“7 gun.az” saytının müxbiri Natiq İsbatov 30 sutka inzibati həbs cəzası alıb

“Sərhədsiz reportyorlar” (RSF) Təşkilatı “7 gun.az” saytının müxbiri Natiq İsbatovun dərhal azad olunmasını tələb edir.

Təşkilat bəyanatında Azərbaycan hakimiyyətini ölkədə tənqidin susdurulması üçün karantin rejimindən istifadəyə son qoymağa çağırır.

Abşeron rayon Məhkəməsi “7 gun.az” saytının müxbiri Natiq İsbatovu İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (Polisin qanunu tələbinə tabe olmamaq) ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.

O, aprelin 9-da Bakının Xırdalan şəhərində narazılıq edən insanlarla bağlı video çəkiliş edərkən saxlanılıb.

Azərbaycanda müstəqil jurnalistikanı təqib etmək üçün jurnalistlərə qarşı karantin qadağalarından istifadə yeni bir metoda çevrilib.


“Azərbaycanda müstəqil jurnalistikanı təqib etmək üçün jurnalistlərə qarşı karantin qadağalarından istifadə yeni bir metoda çevrilib. Hakimiyyət jurnalistlərin müdafiəsilə bağlı öz vədlərini yerinə yetirmir. Biz Natiq İsbatovun saxlanılmasını qətiyyətlə pisləyirik və onun dərhal azad edilməsini tələb edirik”

Bu sözləri RSF Şərqi Avropa və Orta Asiya bürosunun rəhbəri Janna Kavalye deyib.

Təşkilat bəyanatında xatırladır ki, əvvəldən dəfələrlə Azərbaycan hakimiyyəti koronavirus epidemiyası ilə bağlı informasiyanı nəzarətdə saxlamaq istəyini ifadə edib.

“Martın 17-də informasiya haqqında qanuna edilən düzəlişlərə əsasən hakimiyyət onlayn-KİV sahiblərini istənilən “qeyri-dəqiq” və ya “təhlükəli” kontentə görə məhkəmə qaydasında təqib edə bilər ki, bu da böhranın işıqlandırılmasını çətinləşdirir.

Eyni zamanda kütləvi informasiya vasitələrinə və jurnalistlərə təzyiq edilir ki, onlar ancaq fevralın 27-də hökumət tərəfindən yaradılmış Operativ Qərargahın rəsmi məlumatlarından istifadə etsinlər.

Baş Prokurorluq sosial şəbəkələrin istifadəçilərinə xəbərdarlıq edib ki, hakimiyyət ‘yalan xəbərlər’ə dair bütün məlumatları araşdıracaq və ‘qanunu pozanları’ cəzalandıracaq.”- deyə bəyanatda qeyd edilib.

Sərhədsiz Reportyorlar
Sərhədsiz Reportyorlar

Bundan əlavə təşkilat bəyan edir ki, Bakıda fəaliyyət göstərən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi qeyri-hökumət təşkilatının məlumatına görə, sosial şəbəkələrin 120-dən çox istifadəçisi polisdən xəbərdarlıq alıb.

“Locdown”(karantin) zamanı hərəkətləri asan idarə olunan müxalifət partiyalarının işıqlandırılması jurnalistlər üçün əlavə təhlükə yaradır.

Belə ki, aprelin 20-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri ilə müsahibədən və Müsavat Partiyası sədrinin müavininin məhkəməsində iştirak etdikdən sonra “Azad söz” xəbər saytının reportyoru Teymur Kərimov dörd nəfərin hücumuna məruz qalıb. Onun kamerasını, noutbuk və müsahibənin yazıldığı yaddaş kartını alıblar.” - bəyanatda xatırlanıb.

Azəbaycanda müstəqil medianın vəziyyəti

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) aprelin 21-də illik mətbuat azadlığı reytinqini açıqlayıb.

Təşkilat bildirir ki, pandemiya mətbuat azadlığını kölgələyən bir sıra böhranlara işıq salıb, onları gücləndirib.

Hesabatda 180 ölkədəki vəziyyət təhlil edilib. Azərbaycan ardıcıl olaraq bir neçə il əvvəl olduğu kimi, mətbuatın vəziyyətinin çox pis olduğu ölkələr arasında yer alıb.

Keçən illə müqayisədə Azərbaycan 166-cı yerdən 168-ci yerə geriləyib.

Azərbaycanda media azadlığının, azad sözün boğulmasına dair beynəlxalq qurumlar dəfələrlə narahatlıqlarını bildiriblər.

Hakimiyyət isə bu tənqid və iradları rədd edir, ölkədə media azadlığı daxil olmaqla bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

Bu ilin martında Azərbaycan parlamentinin informasiya qanununa etdiyi dəyişiklik ətrafında da oxşar polemika yaranıb. Dəyişikliyin koronavirusla bağlı dezinformasiyanın yayılması ilə mübarizə məqsədilə olunduğu bildirilsə də, ATƏT, yerli ekspertlər onun jurnalistlərin fəaliyyətini əngəlləyəcəyindən narahatlığını dilə gətiriblər.

XS
SM
MD
LG