İyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunda (Bakıdan 440 kilometr qərb) iki jurnalistin minaya düşərək həlak olmasından sonra Sərhədsiz Reportyorlar təşkilatı öz bəyanatında hadisənin başvermə şəraitinin dəqiq aydınlaşdırılmasına çağırıb.
Bəyanatda deyilir ki, jurnalistlər Dağlıq Qarabağdan kənarda və Ermənistanla sərhəddin bir neçə kilometrliyində həlak olublar. AzTV- Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abışov və AzərTAC Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov reportaj hazırlamaq üçün Kəlbəcər rayonunun Susuzluq kəndinə gedirmişlər.
Onların olduğu avtomobil tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində azərbaycanlı məmur da həlak olub və dörd nəfər yaralanıb. Ötən şənbə günü Bakıda və Sumqayıtda yüzlərlə adamın iştirakı ilə onların dəfn mərasimləri keçirilib.
"Həmin iki azərbaycanlı jurnalistin ölümü bu peşənin nümayəndələri üçün faciəvi xəbərdir," Sərhədsiz Reportyorlar təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Janna Kavelye bildirib.
"Bu zonada çalışmaq istəyən digər jurnalistlər də eyni vəziyyətlə üzləşə və ya reportajlardan imtina edə bilər. Sərhədsiz Reportyorlar Azərbaycan hakimiyyətini bu zonada çalışan jurnalistləri qorumağa, bu hadisəni tam və şəffaf şəkildə araşdırmağa çağırır," o qeyd edib.
Sənəddə deyilir ki, onlar 2020-ci ildə hərbi əməliyyatlar başa çatdıqdan sonra Azərbaycanın azad edilmiş ərazilərində, Dağlıq Qarabağın yaxınlığında, Azərbaycanın bundan əvvəl ermənilərin yaşadığı bölgəsində həlak olan ilk jurnalistlərdir. Ümumilikdə isə münaqişə dövründə azı yeddi jurnalist həlak olub.
"Atəşkəslə bağlı Rusiya ilə razılaşdırılmış sazişin olmasına və Rusiya sülhməramlılarının yerləşdirilməsinə baxmayaraq, gərginlik yüksək olaraq qalır. Demarkasiya xəttinin müəyyənləşdirilməsi ilə əlaqədar iki ölkə arasında ciddi fikir ayrılıqları mövcuddur. Bu region dünyada ən çox minalanmış regionlardan biri hesab olunur və Azərbaycan bildirir ki, Ermənistanın mina yerləşdirdiyi yerləri göstərən xəritələri təqdim etməkdən imtina etməsi hazırda onun nəzarət etdiyi əraziləri təmizləmək səylərinə mane olur. Sərhədsiz Reportyorlar Ermənistan hakimiyyəti ilə əlaqə yaratsa da, indiyədək bu ittihamlara cavab almayıb və Ermənistan hakimiyyəti iki azərbaycanlı jurnalistin həlak olmasını şərh etməyib," bəyanatda qeyd edilir.
Sərhədsiz Reportyorlar təşkilatının məlumatına görə, bu il dünyada 11 jurnalist həyatını itirib, onlardan ikisi Azərbaycan jurnalistləridir.