Accessibility links

Sərhədsiz Reportyorlar: Məhkəmə hökmü təzyiq altında olan jurnalistin təqibinin növbəti nümunəsidir


Anar Məmmədov
Anar Məmmədov

“Sərhədsiz Reportyorlar” mətbuat azadlığını müdafiə təşkilatı Azərbaycanda criminal.az saytının redaktoru Anar Məmmədov barəsində Ağdam rayon Məhkəməsinin çıxardığı hökmü pisləyib.

“Bu, artıq təzyiq altında olan jurnalistin təqibinin növbəti nümunəsidir,” təşkilatın Twitter-dəki hesabında bildirilir.

İyunun 16-da Ağdam Rayon Məhkəməsində hakim Mahir Niftəliyevin sədrliyi ilə criminal.az saytının baş redaktoru Anar Məmmədovun barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb.

"Lombard N:1” müəssisəsinin sahibi Məlahət Qurbanova baş redaktor Anar Məmmədova qarşı Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırıb. Şikayət criminal.az saytında dərc olunmuş “Keçmiş nazir 'Lombard Məlahət"'i məhkəməyə verdi” - "Torpaqlarımı boşalt...", "Lombard Məlahət"lə sabiq nazirin davası: "Rolls-Royce" mərkəzinin zirzəmisini bölə bilmirlər” başlıqlı məqalələr səbəb olub.

Anar Məmmədov Amerikanın Səsinə bildirib ki, hökmə əsasən o, Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək qazancından 20 faiz məbləğdə dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Məhkəmə Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə ittiham üzrə cinayətin tərkibi olmadığına görə bəraət verib.

Anar Məmmədov məhkəmənin hökmünü tamamilə qanunsuz və əsassız adlandırıb.

Baş redaktor barəsində hazırda 5,5 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası da var. O, 2018-ci ilin iyul ayında Gəncədə baş verən hadisələrlə bağlı rəhbərlik etdiyi saytda dərc edilən yazılara görə məsuliyyətə cəlb edilib.

Azərbaycan hökuməti bir qayda olaraq tənqidləri qəbul etmir və qərəzli sayır. hökumət rəsmiləri ölkədə media azadlığının tam təmin edildiyini, jurnalistlərin təqib edilmədiyini bildirir.

Bununla yanaşı, ölkə meda azadlığı indeksinə görə 180 ölkə arasında 168-ci yerdə qərarlaşır.

XS
SM
MD
LG