Accessibility links

“Sərhədsiz Reportyorlar” təşkilatı Azərbaycan hakimiyyətini Elmar Hüseynovun qətli ilə bağlı istintaqı bərpa etməyə çağırır


Elmar Hüseynov

"Monitor" jurnalının redaktoru Elmar Hüseynovun Bakıda qətlə yetirilməsinin 16-cı ildönümündə "Sərhədsiz Reportyorlar" təşkilatı (RSF) Azərbaycan hakimiyyətini cinayət işinin istintaqını bərpa etməyə çağırır, çünki ilkin təhqiqat zamanı səhvlərə dair sübutlar və maneələr ortaya çıxıb.

Bu barədə təşkilatın martın 6-da yaydığı bəyanatda deyilir.

Öz araşdırmaları və hökuməti kəskin tənqidilə tanınan Elmar Hüseynov 2 mart 2005-ci ildə evinin astanasında güllələnib. O, tez-tez ölümlə hədələnirdi və aparıcı siyasətçilər, prezident İlham Əliyevin yaxın qohumları haqda yazılara görə bir neçə dəfə mühakimə edilmişdi.

Onun ölümünün ildönümündə, mütəşəkkil cinayətkarlığın və korrupsiyanın araşdırılması üzrə layihə (OCCRP) qətlin təhqiqatı zamanı polis və istintaq tərəfindən müxtəlif maneə formalarının və səhvlərin olmasına dair yeni sübutlarla hesabat dərc edib.

Bəzi sübutlar polis gələnə qədər saxtalaşdırılıb, cinayət yerində sübutların toplanması tapşırılmış polislər isə normalara riayət etməyiblər.

Teymuraz Əliyev istintaqın versiyasına görə, cinayət məsuliyyətinə cəlb edilməli olan şübhəli şəxslərdən biridir və açıq şəkildə qonşu Gürcüstanda yaşayır. Açıq məlumatlara görə, 2008-ci ilin may-iyun aylarında Tbilisidə mənzil alıb.

İkinci şübhəli şəxs də Gürcüstanda yaşayır, üçüncü şübhəli isə 2006-cı ilin iyulunda həbs edilib və öz əlbirlərinə telefon vermək ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilib.

"Yeni informasiya baxımından biz Elmar Hüseynovun qətlinin araşdırılmasının bərpasına və günahkarların məsuliyyətə cəlb edilməsinə çağırırıq," “Sərhədsiz Reportyorlar”ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə şöbəsinin rəhbəri Janna Kavelye bildirib.

"Yeni informasiya təqsirkarların nadir hallarda məsuliyyətə cəlb olunduğu Azərbaycanda jurnalistlərə hücumların araşdırılmasında problemlərin olduğunu təsdiqləyir. Biz hakimiyyətin jurnalistlərin öldürülməsinin lazımi qaydada araşdırılmasından imtinası ilə təşviq etdiyi cəzasızlıq atmosferini pisləyirik," o qeyd edib.

Təşkilat bildirir ki, Azərbaycanda müstəqil jurnalistlər təqib edilir və tənqidçi KİV-ləri susdurmaq üçün tərəddüd etmədən saxta ittihamlar irəli sürülür. Belə ki, “Xeberman” və “Press Az” xəbər saytlarının redaktoru Polad Aslanov 16 il həbsxanada qalmalıdır. Çünki ötən ay məhkəmə onun dövlətə xəyanət və İranın xeyrinə casusluq ittihamı ilə bağlı apellyasiya şikayətini rədd edib.

Azərbaycanda mühüm kütləvi informasiya vasitələrinin əksəriyyətini susmağa məcbur ediblər və ya onlar xaricə köçməyə məcbur olublar, əsas müstəqil veb-saytlar bloklanıb və ən azı üç jurnalist hazırda həbsxanadadır. Onların sırasında 2013-cü ildən həbsdə olan Araz Quliyev və 2017-ci ildən həbsdə olan Elçin İsmayıllı da var.

Azərbaycan 2020-ci il üçün dünya mətbuat azadlığı reytinqində 180 ölkə arasında 168-ci yeri tutur.

Elmar Hüseynov 2005-ci il martın 2-də evinin astanasında tapançadan açılan yeddi güllə ilə öldürülüb. Araşdırmaya cəlb olunan Türkiyəli müstəntiqlər bildiriblər ki, hüquq-mühafizə orqanları işçilərinin timsalında cinayətkar qrupun törətdiyi cinayətin üstünü açıblar. Lakin hakimiyyət bildirib ki, qətli Gürcüstandan olan etnik azərbaycanlılar Tahir Xubanov və Teymuraz Əliyev törədib.

İstintaqın məlumatına görə, İnterpol xətti vasitəsilə həmin şəxslər barəsində axtarış elan edilib, lakin Gürcüstan hakimiyyəti bunu təkzib edib. Faktiki olaraq, hələ də cinayət işinin istintaqında hansısa bir yenilik yoxdur.

2006-2007-ci illərdə Daxili İşlər Nazirliyinin keçmiş polkovniki Hacı Məmmədovun rəhbərlik etdiyi cinayətkar qrupun məhkəməsi zamanı o, jurnalistin qətlini keçmiş iqtisadiyyat naziri Fərhad Əliyevin sifariş etdiyini bildirib. Lakin istintaq orqanı bu versiyanı təsdiq etməyib.

Hacı Məmmədov çoxsaylı qətl və adam oğurluğu hallarına görə həbs olunub, ömürlük həbsə məhkum edilib. Sonradan həbsxanada vəfat edib.

Elmar Hüseynovun redaktoru olduğu "Monitor" jurnalı hakimiyyətə qarşı kəskin tənqidi mövqe tutaraq talançılıq, korrupsiya, səmərəsiz idarəetmə, insan hüquqları və azadlıqların pozulması problemlərini ictimailəşdirib. Jurnalist bu məqalələrə görə dəfələrlə hakimiyyətin yüksək eşelonlarından hədələrə və tənqidə son qoyulması ilə bağlı təqiblərə məruz qalıb. O qətlinə qədər bir dəfə həbsə məhkum edilib və bir neçə dəfə saxlanılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG