Sərhədsiz Reportyorlar təşkilatı (RSF) dekabrın 17-də illik hesabatını açıqlayıb.
Təşkilatın bu ilki hesabatına görə, dünya üzrə jurnalistlərin öldürülməsində sayca azalma olsa da, həbs olunanların sayı artıb.
Belə ki, bu il dünyada 49 jurnalist öldürülüb, 389 nəfər həbsdədir, 57 müxbir girov götürülüb.
Sərhədsiz Reportyorlar təşkilatı jurnalistikanın təhlükəli peşə olaraq qaldığını, ancaq bu il son 16 ildə ən az jurnalistin öldürüldüyünü bildirir.
49 jurnalistin ölümü 2003-cü ildən bəri ən aşağı göstərici sayılır. Bu, ötən ildəkindən 44% azalma deməkdir. Son 20 ildə ilə ortalama 80 jurnalist qətlə yetirilirdi.
2019-cu ildə Suriya, Yəmən, Əfqanıstanda münaqişələri işıqlandıran jurnalistlər arasında ölüm halları iki dəfə azalıb, bu 3 ölkədə cəmi 17 jurnalist öldürülüb, ötən il bu rəqəm 34 idi.
Bu il qanunsuz həbs olunan jurnalistlərin sayı artıb. Ümumilikdə 389 jurnalist işi ilə əlaqədar həbsdədir və bu, ötən ildəkindən 12 faiz artıqdır. Bu jurnalistlərin təxminən yarısı Çində, Misirdə və Səudiyyə Ərəbistanında dəmir barmaqlıq arxasındadır.
“Dünyada qanunsuz həbs olunmuş jurnalistlərin üçdə biri uyğur azlığına təzyiqləri gücləndirən Çinin payına düşür”, RSF bildirir.
Qurum bildirir ki, Rusiya və Türkiyədə hökumət tənqidçilərinin zülmü iyirmi il ərzində görülməyən səviyyələrə çatıb. Azərbaycanda, Belarusda və Orta Asiyada isə hakimiyyət xəbər və məlumatlara nəzarətlərini artırmaqda davam edir.
Təşkilat bəzi ölkələrdə həbsdə olan jurnalistlərin səhhətinin aşırı narahatlıq yaratdığını qeyd edir.
Bu jurnalistlər sırasında Azərbaycanda araşdırmaçı jurnalist Əfqan Muxtarlının adı çəkilir. Onun diabetdən və yüksək qan təzyiqindən əziyyət çəkdiyi, özünə və vəkilinə münasibətə etiraz olaraq sentyabrda aclıq aksiyası keçirdiyi vurğulanır.
“Səhhətindən dolayı aclıq aksiyasını uzun müddət davam etdirə bilmədi və hal-hazırda da normal tibbi xidmətə çıxışı yoxdur”, RSF bildirir.
Ədliyyə Nazirliyin Baş Tibb İdarəsi Əfqan Muxtarlının hər hansı ciddi xəstəlikdən əziyyət çəkmədiyini bildirir.
Jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da oturum izni aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyib.
O, məhkəməsində bildirib ki, Tbilisidə saxlanıb, zor tətbiq edilərək sərhədə gətirilib və Azərbaycan tərəfinə təhvil verilib, üstəlik, cibinə 10 min avro pul qoyulub.
Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.
Əfqan Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunaraq 6 il həbs cəzasına məhkum edilib.