Sərhədsiz Reportyorlar təşkilatı Azərbaycan hakimiyyətini Azadlıq qəzetinin əməkdaşı Təzəxan Mirələmli barəsində çıxarılmış hökmü ləğv etməyə çağırıb.
“Yeganə müxalif qəzet olan “Azadlıq”da işləyən Mirələmli iyunun 19-da Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə “xuliqanlıq” ittihamı ilə həbs edilib, bu, hökumətin tənqidçilərinin təqibinə qanunilik görüntüsü vermək cəhdidir. Azərbaycan hakimiyyəti illərdir, 2001-ci ildə Avropa Şurasına daxil olduğu andan bəri bununla məşğul olur,” təşkilatın bəyanatında bildirilir.
Mirələmli Bakı məhkəməsi tərəfindən 26 fevral mübahisəsində açıq-aşkar hakimiyyət tərəfində olan bloger kimi qələmə verilən şəxsi döydüyünə görə bir il ərzində elektron qolbaq taxmaq və hər gecə saat 11-dən səhər saat 7-yə qədər evdə olmaq cəzasına məhkum edilib.
Bu, reportyorun işini çətinləşdirəcək, belə ki, o, bu və ya digər hadisələri işıqlandıra bilməyəcək, habelə daim polis nəzarəti altında olacaq.
“Həbslərə, fiziki hücumlara və ailə üzvlərinin həbsinə gəlincə, hakimiyyət 8 ildir Təzəxan Mirələmlini reportajlarına və siyasi baxışlarına görə təqib edir”, təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin müdiri Janna Kavelye bildirib.
“Bu səbəblərdən Azərbaycanın məhkəmə sistemindən bu ittihamları ləğv etməyi xahiş edirik. Biz həmçinin Avropa Şurasının insan hüquqları üzrə Komissarı Dunya Miyatoviçi və AŞ-ın Nazirlər Komitəsini saxta ittihamlardan istifadəni pisləməyə və Azərbaycanı Avropa Şurası qarşısındakı öhdəliklərini yerinə yetirməyə səsləməyə çağırırıq,” o qeyd edib.
Avropa İnsan Hüquqları Məhkəməsi artıq 2015-ci və 2016-cı illərdə Mirələmli ilə bağlı birbaşa onun jurnalist fəaliyyəti ilə əlaqədar olmayan iki iş üzrə Azərbaycana qarşı qərar çıxarıb. Bu ilin aprelində o, AXCP lideri Əli Kərimlinin mənzilinə getdikdən sonra polis tərəfindən bir neçə saatlıq saxlanılıb.
"Hakimiyyət Azərbaycanda tənqidçi jurnalistləri həbs etmək üçün fiziki zorakılıq haqqında saxta ittihamlardan istifadə edir.
“Azadlıq” üçün yazan və “Azərbaycan Saatı” İnternet proqramı üçün reportajlar hazırlayan Seymur Həzi artıq bu texnikanın qurbanı olub, o, buna görə bənzər ittihamla 5 il həbsdə qalıb," məlumatda deyilir.
Öz növbəsində, rəsmi Bakı bir qayda olaraq tənqidləri qəbul etmir və qərəzli sayır. Ölkə rəhbərləri insanların firkirlərinə, siyasi mövqelərinə görə təqib olunmadığını bəyan edir.