Accessibility links

Sərtləşdirilmiş karantin rejimi daha iki həftə artırıla bilər


İyunun 30-da Azərbaycanda 556 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 7 nəfər vəfat edib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Məlumata görə, indiyədək ölkədə ümumilikdə 17 524 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9 715 nəfər müalicə olunaraq sağalıb, 213 nəfər vəfat edib, 7 596 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

“Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 645, ötən müddət ərzində isə ümumilikdə 482 170 test aparılıb,” məlumatda qeyd edilib.

Azərbaycan prezidentinin COVİD 19-la bağlı müzakirələrin keçirilməsi üçün BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması barədə təşəbbüsünü dünyanın 130-dan çox ölkəsi dəstəkləyib.
Hikmət Hacıyev, Azərbaycan prezidentinin köməkçisi

Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev bu gün keçirilən brifinqdə bildirib ki, iyulun 5-dən sonra da sərtləşdirilmiş karantin rejimi daha iki həftə artırıla bilər.

Hacıyev həmçinin Azərbaycan prezidentinin COVİD 19-la bağlı müzakirələrin keçirilməsi üçün BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması barədə təşəbbüsünün dünyanın 130-dan çox ölkəsinin dəstəklədiyini bildirib.

"COVİD 19-a qarşı mübarizə üçün qlobal həmrəylik lazımdır. Bu qlobal müharibəyə qarşı birgə mübarizə aparılmalıdır," prezidentin köməkçisi qeyd edib.

Azərbaycanda maska taxmamağa görə cərimələr də iki dəfə artırılıb.

Belə ki, iyunun 29-da Milli Məclisin iclasında Azərbaycan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun qəbul edib. Yeni redaksiyaya əsasən, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat cərimə ediləcəklər.

Bundan əlavə, həmin əməllərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 400 yüz manat, hüquqi şəxslər 800 manat cərimə olunacaqlar.

Buna qədər cərimələr fiziki şəxslərə 50, vəzifəli şəxslərə 100, hüquqi şəxslər üçün isə 200 manat müəyyən edilmişdi.

COVİD-19 haqqında qısa məlumat

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Martın 24-dən ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi elan edilib. Karantin rejimi iyunun 15-nə kimi uzadılsa da, aprelin 27-dən başlayaraq mərhələlərlə xeyli yumşaldılıb.

Amma ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili qadağan edilib.

Azərbaycanda karantin rejimi yumşaldıldıqdan sonra infeksiyaya yoluxma halı bir neçə dəfə artıb.

Bu səbəbdən xüsusi karantin rejimi və dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət iyulun 1-dək, sonra isə avqustun 1-dək uzadılıb.

Operativ Qərargah iyunun 14-dən 16-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib.

Daha sonra isə iyunun 21-dən iyulun 5-dək sərtləşdirilmiş karantin sistemi tətbiq edilib, SMS-icazə sisteminə keçilib.

Qərara görə, sözü gedən yerlərdə nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb. Həmçinin ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər göstərilmir, muzey, sərgi zalları, bərbərxanalar, gözəllik salonları bağlanıb. Habelə təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla), açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi də dayandırılıb.

Amma dövlət qurumlarının, Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və bir sıra mühüm xidmət sahələrinin fəaliyyətinə icazə verilib.

Əhalinin qalan qrupları yenə küçəyə çıxarkən bir müddət öncə olduğu kimi SMS-lə icazə alır. SMS-lə icazə əvvəlki qaydaya nisbətən bu dəfə bir qədər genişləndirilib. Bura ərzaq almaq, tibbi zərurət, yaxınların dəfnində iştirakla və başqa hallarla yanaşı, açıq havada vaxtın keçirilməsi də daxildir. SMS-icazə ilə insanlar evlərini yalnız iki saat müddətinə tərk edə bilər.

İyunun 25-də baş nazir Əli Əsədov karantin dövründə iş yerində işləməyə icazə verilən işçilərin sayının azaldılması barədə qərar imzalayıb.

Qərara görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən, iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı isə əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır.

Şərhlərə bax

XS
SM
MD
LG