Accessibility links

Səudiyyə Ərəbistanı şallaq cəzasını ləğv edir


Səudiyyə Ərəbistanının dövlət insan haqları komissiyası şənbə günü bildirib ki, ölkədə cəza olaraq qamçı ilə şallaq vurmaq qadağan olunur. İnsan haqları komissiyası bunu kral və onun oğlunun başlatdığı islahat proqramı çərçivəsində “irəliyə doğru atılan böyük addım” olaraq qiymətləndirib.

Səudiyyə Ərəbistanında məhkəmə hökmü ilə çıxarılan şallaq cəzaları uzun zaman insan haqları qruplarının qınaqlarına səbəb olub.

Lakin onlar deyir ki, vəliəhd şahzadə Məhəmməd bin Salmanın irəli sürdüyü hüquqi islahatlar mühafizəkar İslamçı krallıqda müxalif səslərə qarşı təqibləri azaltmayıb. Orada onlar hələ də, bəzən ölüm cəzası ilə üzləşirlər.

Dövlət insan haqları komissiyası bildirib ki, hökümətyönlü Okaz qəzeti daxil olmaqla Səudiyyə mətbuatında yer alan xəbərlərə görə, bu ən son tətbiq olunan islahat nəticəsində artıq heç bir məhkuma şallaq cəzası verilməyək.

"Bu qərar daha öncə şallaq cəzası verilən məhkumlara bundan sonra cərimə və həbs cəzasının veriləcəyini təmin edir," komissiyanın sədri Avad əl-Avad bildirib.

Bundan əvvəl məhkəmələr nikahdan kənar seks və sülhün pozulmasından tutmuş qətlə qədər bir çox qanun pozuntuları və cinayətlərdə günahkar tanınan məhkumlara şallaq cəzası tətbiq etmək səlahiyyətinə sahib idilər.

Gələcəkdə isə hakimlər cərimə, həbs və ya ictimai işlər cəzası arasında seçim etməli olacaqlar.

Son illərin ən çox müzakirə olunan şallaq cəzası səudiyyəli bloger Raif Bədəviyə tətbiq olunmuşdu. O, 2014-cü ildə İslamı “təhqir etmək” ittihamı ilə 10 il həbsə və 1000 şallaq cəzasına məhkum edilmişdi.

Növbəti il o, Avropa parlamentinin Saxarov insan haqları mükafatına layiq görülmüşdü.

Səudiyyə Ərəbistanında bədən cəzasının ləğv olunmasından bir neçə gün öncə krallıqdakı insan haqları vəziyyəti 69 yaşlı aparıcı fəal Abullah Əl Həmidin həbsdə ikən insultdan ölməsi nəticəsində yenidən diqqət mərkəzində idi.

Həmid Səudiyyə Mülki və Siyasi Haqlar Assosiasiyasının qurucu üzvlərindən biri idi və 2013-cü ilin mart ayında 11 illik həbs cəzasına məhkum edilmişdi.

Səudiyyə Ərəbistanındakı insan haqları vəziyyəti ilə bağlı təndiqlər Kral Salmanın 2017-ci ilin iyununda oğlu Məhəmmədi vəliəhd şahzadə və taxtın varisi elan etməsindən sonra daha da artıb.

Kral ölkədə iddialı iqtisadi və sosial islahatlar təqdim edib, qadınların maşın sürmələrinə və krallıqda idman və əyləncə tədbirlərinin keçirilməsinə icazə verib.

Lakin jurnalist Camal Xaşuqcinin 2018-ci ilin oktyabrında Səudiyyə Ərəbistanının İstanbulda yerləşən konsulluğunda qəddarca qətlə yetirilməsi və ölkədə dissidentlərə qarşı təqiblərin artırılması şahzadənin iqtisadiyyat və cəmiyyəti müasirləşdirmək vədlərinə kölgə salıb.

Amnesty International təşkilatının çərşənbə axşamı açıqladığı rəqəmlərə əsasən, Səudiyyə rəsmiləri ötən il rekord 184 nəfərə ölüm cəzası verib.

“Səudiyyə Ərəbistanın siyasi dissidentlərə qarşı ölüm cəzasından getdikcə daha çox istifadə etməsi narahatlıq doğurur”, insan haqları qrupu bildirib.

XS
SM
MD
LG