Accessibility links

Səudiyyə Ərəbistanı ilin sonuna qədər xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv edib


Səudiyyə Ərəbistanı hökuməti xarici zəvvarların yeni növ koronavirus pandemiyası ilə əlaqədar olaraq bu il Məkkə və Mədinədəki müsəlman ziyarətgahlarına həcc ziyarəti edə bilməyəcəyini açıqlayıb.

Həcc və ümrə işləri üzrə nazirliiyin məlumatına əsasən, qadağa artıq krallıqda olanlara aid deyil.

"Əsas hədəfi hər zaman müsəlman zəvvarlara sülh və təhlükəsizlik şəraitində Həcc ziyarətini həyata keçirmək imkanı verən və pandemiya başlayandan bəri zəvvarların müdafiəsi üçün bütün lazımi tədbirləri görən Səudiyyə Ərəbistanı Krallığı bu il məhdud sayda zəvvarın Həcc ziyarətində iştirak edə biləcəklərini qərara alıb. Səudiyyə Ərəbistanı ərazisində olan fərqli millətlərdən olan zəvvarlara bu qadağa aid deyil" - deyə, həcc işləri üzrə nazir qeyd edib.

O həmçinin pandemiya səbəbilə bağlanmış sərhədlərə görə ölkədə qalan bütün dindarların "vətənlərinə gedənə qədər" təhlükəsizlikdə olacağını da əlavə edib.

Səudiyyə Ərəbistanındakı məkanları ziyarət etmək İslamın beş şərtindən biridir və hər bir əmək qabiliyyətli və maddi imkanı olan müsəlman həyatında ən azı bir dəfə həcc ziyarəti etməlidir. Hər il 180-dən çox ölkədən təqribən iki milyon milyon müsəlman Məkkədə altı gün ərzində namaz və dini mərasimləri əhatə edən həcc ziyarəti edir.

Bu il Həcc ziyarəti 28 iyul-2 avqust tarixlərinə təsadüf edir.

Səudiyyə Ərəbistanında mayın sonlarında karantin tədbirləri tədricən yumşadılmağa başlayıb, daxili hərəkətlərə qoyulan qadağa aradan qaldırılıb, məscidlər açılıb və işçilərin iş yerlərinə qayıtmasına icazə verilib. İyunun 21-də krallıqda ölkə daxilində komendant saatları ləğv edilib. Eyni zamanda, xüsusi əmr verilənə qədər ümrə komissiyası, habelə beynəlxalq hava, quru və dəniz nəqliyyatının hərəkəti bağlı olaraq qalır.

İyunun 22-nə olan məlumata görə, Səudiyyə Ərəbistanında 161 mindən çox insan koronavirusa yoluxub. 1307 xəstə həyatını itirib və 105 mindən çox insan tamamilə sağalıb.

XS
SM
MD
LG