Accessibility links

Səudiyyə Ərəbistanı Xaşuqcunun qətlində şübhələnilənlərin ekstradisiyası ilə bağlı Türkiyənin müraciətini rədd edib


Səudiyyə Ərəbistanının xarici işlər naziri oktyabr ayında jurnalist Camal Xaşuqcunun qətlində əli olduğundan şübhələnilən iki sabiq yüksək səviyyəli səudiyyəli rəsminin Türkiyəyə ekstradisiya edilməsi barədə Ankaranın müraciətini rədd edib.

“Həbs qərarına gəldikdə, biz öz vətəndaşlarımızı ekstradisiya etmirik. Məncə, Türkiyə konstitusiyasına görə Türkiyə də vətəndaşlarını ekstradisiya etmir. Ona görə də mənə maraqlıdır ki, hüquqi formada və hüquqi yollarla bizə informasiya verməkdən imtina edən bir ölkə həbs barədə necə qərar verir?” - deyə, Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel Əl-Cubeyr bildirib.

Türkiyə bildirib ki, Xaşuqcunun konsulluğa daxil olması təhlükəsizlik kameralarının görüntülərində qeydə alınıb, o içəridə olarkən isə boğularaq öldürülüb, onun bədən hissələri doğranılıb, daha sonra isə ola bilsin ki, turşu maddəsi ilə əridilib.

Ötən həftə Türkiyə məhkəməsi Şahzadə Məhəmməd Bin Salmanın yüksək səviyyəli müşaviri olan Səud Əl-Qahtani və sabiq kəşfiyyat rəhbəri Əhməd Əl-Assirinin həbsi barədə qərar çıxarıb.

Hər iki şəxs Səudiyyə liderinin Xaşuqcunun öldürülməsi əməliyyatının "yaramaz şəxslər" tərəfindən həyata keçirildiyini deməsindən sonra vəzifələrindən kənarlaşdırılan bir qrup rəsmi arasında olub.

Türkiyə prokurorları bildirib ki, Assiri və Qahtaninin qətlin təşkilində iştirak etmələrindən şübhələnilir.

Qahtani həmçinin, Xaşuqcunun qətli ilə əlaqədar ABŞ Maliyyə Nazirliyinin sanksiyalar tətbiq etdiyi 17 nəfərdən biridir.

Türkiyə qətli törədənlərin məsuliyyətə cəlb olunması üçün hadisədə şübhəli bilinənlərin məhkəmə edilməsini istəyir.

Səudiyyə Ərəbistanı isə məsələni özü həll edə biləcəyini və Türkiyənin istintaqın Səudiyyə Ərəbistanında keçirilməsi üçün məlumatları bölüşmədiyini bildirib.

XS
SM
MD
LG