Səudiyyə Ərəbistanının baş prokuroru ölkənin təhlükəsizliyi və sabitliyinə hədə törətməkdə şübhəli bilinən 17 nəfərin saxlandığını bildirib. İctimai fəallar isə bunun ölkədə qadınların avtomobil idarə etməsi ilə bağlı qadağanın aradan qaldırılmasına bir neçə həftə qalmış tanınmış qadın hüquqları müdafiəçilərinin hədəf alındığı işlə əlaqədar olduğunu deyir.
Bazar günü pokurorluğun açıqladığı bəyanatda saxlanılanların adları göstərilməyib, lakin səkkiz nəfərin müvəqqəti olaraq azadlığa buraxıldığı bildirilib. Bəyanatda beş kişi və dörd qadının isə “onlara qarşı kifayət qədər dəlil, eləcə də onların ittihamlarla bağlı etiraflarına əsasən” hələ də saxlandığı bildirilir.
Prokurorluğun bəyanatında ittiham edilmiş şəxslərin krallığa düşmən münasibət bəsləyən adamlar və təşkilatlarla əlaqədə olduqları, məxfi məlumatların əldə edilməsi üçün hökumət orqanlarında insanları cəlb etdikləri və xaricdə düşmən elementlərə maliyyə dəstəyi verdiklərini etiraf etdikləri bildirilir.
İnsan hüquqları qrupları həbsləri pisləyib.