Accessibility links

Cənubi Koreyada litium batareya zavodundakı yanğında azı 20 nəfər həyatını itirib


Bazar ertəsi yanğınsöndürmə idarəsi Cənubi Koreyada litium batareyaları zavodunda baş verən güclü yanğın zamanı ölənlərin sayının 20-yə çatdığını, onlardan 18-nin Çin vətəndaşı olduğunu və bir nəfərin itkin düşdüyünü bildirib.

"Ölən 20 nəfərdən 18-i Çin vətəndaşı, biri laoslu və birinin isə milliyyəti məlum deyil" - deyə, yanğınsöndürən Kim Jin-Yon mediaya bildirib. O, cəsədlərin tam yandığını və qurbanların şəxsiyyətinin müəyyənləşdirilməsinin vaxt aparacağını deyib.

Kim Jin-Yonun dediyinə görə, 100-dən çox insanın işlədiyi litium-ion batareyalarının yoxlanıldığı və qablaşdırıldığı ikinci mərtəbədə silsilə partlayış səsləri eşidilib.

Təxminən 78 nəfərin sağ olduğu təsdiqlənsə də, bir çoxunun hələ də itkin düşdüyü deyilib. Yonhap xilasedicilərin nəhayət içəri girə girdikdən sonra ərazidə "təxminən 20 cəsəd aşkar" etdiklərini bildirib.

Kim jurnalistlərə deyib ki, yanğınsöndürənlər zavoddakı böyük yanğını söndürə bilib və cəsədləri binadan çıxarır.

O, "Xilasetmə dəstəsi içəri daxil olub və axtarış-xilasetmə işləri həyata keçirir" deyib.

Yanğın baş verdikdən sonra Yonhap tərəfindən paylaşılan görüntülərdə binanın içərisindəki narıncı alovlarla birlikdə fabrikin üstündə səmaya qalxan nəhəng boz tüstünü görmək olub. Zavodun ətrafında onlarla yanğınsöndürən maşın da olub.

Nəhəng zavodun ikinci mərtəbəsində təxminən 35 min akumulyator hüceyrəsi var idi. Daha çox batareya isə başqa yerlərdə saxlanılırdı.

Litium batareyaları çox tez alışır və adi yanğınsöndürmə üsulları ilə bu cür yanğınları idarə etmək çətindir.

Forum

XS
SM
MD
LG