Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvilinin yüzlərlə tərəfdarı mitinqlər keçirmək üçün paytaxta toplaşıb. Mitinq iştirakçıları aclıq aksiyasına görə səhhəti pisləşdiyi üçün siyasətçinin mülki tibbi klinikaya köçürülməsini tələb edir.
Noyabrın 12-də Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının (VMH) təşkil etdiyi iki etirazçı qrupu paytaxtdakı iki müxtəlif metro stansiyasından Səhiyyə Nazirliyi və Ədliyyə Nazirliyinə doğru yürüş edərək "Mişanı azad edin!" və "Mişa! Gürcüstan!" şüarları səsləndirib.
Nümayişçilər səhiyyə və ədliyyə nazirlərinin onlarla görüşməsini tələb etdiyi bir vaxt ərazilərə xeyli sayda polis cəlb edilib.
Digər tərəfdən bir gün əvvəl Saakaşvili mülki klinikaya köçürüləcəyi təqdirdə Avropa İnsan Haqları Məhkəməsinin aclıq aksiyasını dayandırmaq çağırışına əməl etməyə hazır olduğunu bildirib.
Lakin Səhiyyə naziri Rati Breqadze Saakaşvilini mülki klinikaya köçürməyəcəyini deyib. O bunun əvəzinə siyasətçinin köçürüldüyü həbsxana xəstəxanasından Rustavi təcridxanasına qaytarılacağını bildirib.
VMH son günlər Saakaşvilinin mülki xəstəxanaya köçürülməsi tələbi ilə bir neçə mitinq və etiraz aksiyası keçirib.
2004-2013-cü illərdə prezident olan Saakaşvili 2013-cü il prezident seçkilərindən qısa müddət sonra ölkəni tərk edib və 2018-ci ildə hakimiyyətdən sui-istifadə etmək və müxalif deputatın döyülməsi ilə bağlı sübutları ört-basdır edilməsində ittiham olunaraq qiyabi məhkum edilib.
O, həmçinin 2007-ci ildə vəzifədə olarkən müxalifət fəallarının zorakılıqla dağıdılmasına göstəriş verməkdə ittiham olunur. Bu iş üzrə məhkəmə noyabrın 10-da Saakaşvilinin məhkəmə zalında iştirakı olmadan başlayıb.
Saakaşvili ona qarşı irəli sürülən bütün ittihamların siyasi motivli olduğunu bildirir.
Gürcüstan keçən il keçirilən mübahisəli seçkilərdən sonra siyasi qarşıdurma içində qalıb ki, VMH aylarla parlamenti boykot edib.