Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Gürcüstanda yerli seçkilərin keçirildiyi gün - oktyabrın 2-də "ölkənin xilasına" kömək etmək üçün geri dönəcəyini bildirib.
Həbs təhlükəsinə baxmayaraq, siyasi motivli olmasını əsas gətirərək ittihamları rədd edən və hazırda Ukraynada yaşayan Saakaşvili yenidən Tbilisiyə uçmağı planlaşdırdığını deyib.
"... Gürcüstanın taleyi həll olunur, Gürcüstanın ayaqda qalması təhlükədədir və buna görə də oktyabrın 2-nə bilet aldım ki, səninləyəm və sənin (siyasi) iradəni qoruyum və Gürcüstanın xilasında iştirak edim” - deyə, Saakaşvili Facebook səhifəsindəki bir videoçarxda bildirib və orada təyyarə bileti olduğu təxmin edilən şəkil paylaşıb.
Baş nazir İrakli Qaribaşvili Saakaşvilinin geri dönəcəyi təqdirdə polisin onu həbs edəcəyini deyib.
"İnterfaks" xəbər agentliyi jurnalistlərə verdiyi müsahibədə Qaribaşvili "Saakaşvili torpağımıza addım atan kimi həbs olunaraq həbsxanaya göndəriləcək" deyib.
Saakaşvili 2018 -ci ilin iyununda vəzifəsindən sui-istifadə etməkdə və prezident olduğu vaxt müxalifətçi bir millət vəkilinin döyülməsinə dair sübutları gizlətməkdə günahlandırıldığı üçün Gürcüstan məhkəməsi tərəfindən qiyabi olaraq 6 il həbs cəzasına məhkum edilmişdi.
Ötən ilki parlament seçkilərindən sonra Gürcüstanda hakim “Gürcü Arzusu” partiyası ilə Saakaşvilinin dəstəklədiyi müxalifət arasında gərginlik mövcuddur. Buna səbəb müxalifətin seçkilərin saxtalaşdırılmasına dair iddialarıdır.
O vaxt beynəlxalq müşahidəçilər seçkilərin rəqabət şəraitində keçdiyini və ümumiyyətlə əsas azadlıqlara hörmət edildiyini bildirmişdilər.
Saakaşvili Facebook videolarında seçkilərdən sonra etiraz aksiyalarına çağırış etmişdi.
"Hamımız səs verməli və mövqeyimizi göstərməliyik və yalnız seçki məntəqələri bağlandıqda şəhərlərimizin və kəndlərimizin küçələrinə çıxmalı, səslərimizi və qələbəmizi qorumalıyıq" - deyə, Vahid Milli Hərəkatın qurulmasına kömək edən Saakaşvili bildirib.
Avropa İttifaqının vasitəçiliyi ilə müxalifətlə siyasi razılaşmanı ləğv etməzdən əvvəl “Gürcü Arzusu” partiyası yerli seçkilərdə ən az 43 faiz səs toplaya bilmədiyi təqdirdə növbədənkənar parlament seçkilərinin keçirilməsinə razılıq verib.