Accessibility links

Mixeil Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsinə etiraz edənlər Müstəqillik meydanına toplaşıb


Kiyevdə 400-ə yaxın etirazçı aksiya keçirib. Mixeil Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsinə etiraz edənlər Müstəqillik meydanına toplaşıblar. Məlumatı AzadlıqRadiosunun Ukrayna xidməti yayıb.

Aksiya iştirakçıları əllərində heç bir partiya bayrağı tutmayıblar. Fəallar deyirlər ki, konkret hansısa siyasətçiyə görə yox, sadəcə «hakimiyyətin özbaşnalığına qarşı» çıxırlar. Etirazçılar arasında düşünənlər var ki, bundan sonra hakimiyyət daha irəli gedə və digər müxalif siyasətçilərin də Ukrayna vətəndaşlığını ləğv edə bilər.

***

Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili elan edib ki, qaçqın statusu almaq fikri yoxdur və özünü «əksər hazırki deputatlardan daha çox ukraynalı» sayır. Bu açıqlamasını iyulun 27-ə keçən gecə facebook səhifəsində yayıb.

«Ukraynada 13 ildən çoxdur ki, yaşayıram, 3 inqilabda iştirak etmişəm. Mənim yalnız bir vətəndaşlığım var – Ukrayna vətəndaşlığım və onlar məni bu vətəndaşlıqdan məhrum edə bilməyəcəklər» - deyə Saakashvili bildirib.

Əlavə edib ki, qaçqın statusu almayacaq.

«UKRAYNAYA QANUNİ QAYITMAQ UĞRUNDA MÜBARİZƏ APARACAM»

«İndi məni məcbur etmək istəyirlər ki, qaçqın statusu alım. Bu, olmayacaq! Mən Ukraynaya qanuni qayıtmaq haqqım uğrunda mübarizə aparacam» - Mixeil Saakaşvili belə qeyd edib.

Ukrayna prezidenti yanında vətəndaşlıq məsələləri üzrə komissiyası Mixeil Saakaşvilinin vətəndaşlıq məsələsinə baxıb. Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb. Məlumatda o da bildirilir ki, prezident vətəndaşlıqdan məhrumetmə ilə bağlı müraciət edib. Amma prezidentin saytında hələ ki, Mixeil Saakaşvilinin vətəndaşlığı ilə bağlı hər hansı fərman yoxdur.

Gürcüstanın keçmiş prezidenti olmuş Mixeil Saakaşvili Ukrayna vətəndaşlığını 2015-ci ilin mayında Ukrayna prezidenti Petro Poroşenkonun əmri ilə alıb. Bundan sonra Poroşenko onu Odessa vilayətinə qubernator təyin edib.

Amma o, ötən il istefa verərək deyib ki, antikorrupsiya fəaliyyəti rəsmi səviyyədə əngəllənir.

Gürcüstanda hazırki hakimiyyət tərəfindən prezidentliyi dövründə dövlət vəsaitini dağıtmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan Mixeil Saakaşvilini Ukrayna vətəndaşlığı aldıqdan sonra Gürcüstan vətəndaşlığından məhrum ediblər.

XS
SM
MD
LG