Accessibility links

Sabir Rüstəmxanlı: "Dana Rohrabakerlə çox maraqlı görüşümüz oldu." [Video]


Sabir Rüstəmxanlı ilə müsahibə
please wait

No media source currently available

0:00 0:08:35 0:00

Sabir Rüstəmxanlı ilə müsahibə

Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı ABŞ-a işgüzar səfəri çərçivəsində Dövlət Departamentində və Amerika Konqresində bir sıra görüşlər keçirib. Sabir Rüstəmxanlı Amerikanın Səsinə müsahibədə ABŞ administrasiyasının İranda Azərbaycan türklərinin vəziyyətinə diqqətinin artdığının hiss olunduğunu vurğulayıb.


Sual: Artıq bir neçə gündür Vaşinqtonda nitensiv görüşlər keçirirsiniz. Bu görüşlərdə İranda azərbaycanlıların vəziyyətini müzakirə etmisiniz. Görüşlər necə keçir, hansı fikirlər səslənir və maraq hansı səviyyədədir?

Cavab: Biz bura Dünya Azərbaycanlıları Konrqesinin həmsədrləri olaraq gəlmişik. Almaniyada yaşayan həmkarım Firudin Pərvizniya ilə. Sonra burada da bizim məclisin sədri, hamının tanıdığı, sevdiyi Mahmudəli Çohrəqanlı ilə də görüşmüşük. Bir sıra rəsmi və qeyri-rəsmi görüşlər olub. Mühüm görüşlərdən biri Dövlət Departamentində oldu. Dövlət Departamentində güzey Qafqazda vəziyyət haqda, Azərbaycanın üzləşdiyi faciələr haqda danışdıq. Dünyada ikinci elə bir millət tapmaq çətindir ki, Azərbaycan qədər böyük faciələrin içində olsun. Bir tərəfdən, parçalanıb, bir tərəfdən Ermənistandan deportasiya olunub, bir tərəfdən əraziləri işğal olunub və bütün bu çətinliklər dünyanın gözünün qabağındadır, amma təəssüf ki, bu millətin taleyi haqda düşünənlər azdır. Dövlət Departamentində bu məsələləri dilə gətirdik və lazım olan sənədlər də təqdim etdik. Azərbaycanın tarixi faciələri, bu gün İranda azərbaycanlıların hüquqlarının pozulması, azərbaycanlı fəalların “cəngəllik qanunları” ilə cəzalandırılması, Urmiya gölünün region üçün yarada biləcəyi fəlakət haqda danışdıq və bununla bağlı hazırladığımız sənədləri də təqdim etdik. Eyni şəkildə Konqresdə də Azərbaycanda hər kəsin yaxşı tanıdığı konqresmen Dana Rohrabakerlə görüşümüzdə də bu barədə danışdıq. O, Azərbaycanı yaxşı tanıyır. Azərbaycan haqda məlumatı var. İran azərbaycanlılarının haqlarının pozulması və ümumiyyətlə, Azərbaycanın öz bütövlüyünü bərpa etməsi istiqamətində onun bəyanatları məlumdur və o, bu barədə Amerika Konqresində bir təkliflə çıxış edib. Yəqin ki bu işi davam etdirəcək. Onunla çox maraqlı görüşümüz oldu. Adını çəkdiyim sənədləri yenə ona da təqdim etdim. Mənə elə gəlir ki, elə ən əsas cəhət budur, vurğulanmalıdır ki, getdikcə dünyanın bu böyük dövlətində, demokratiyanın, belə deyək, qarantlarından və beşiklərindən olan dövlətdə Azərbaycanın indiki durumuna diqqət artır və Azərbaycanın yaşadığı faciələri hiss edirlər və xüsusən də İranda bizim soydaşlarımızın üzləşdiyi faciələri bilirlər və bunun aradan qaldırılması üçün yolların axtarılmasında təbii ki bunların xidmətləri olacaq.

Sual: Sabir bəy, Amerika rəsmiləri bu görüşlər zamanı hansısa konkret təkliflər verirmi? Bu görüşlərdə hansı fikirlər səslənir?

Cavab: Bilirsiniz, Amerika bu məsələlərdə mümkün qədər xəsisliklə fikir ifadə edir. Ona görə mümkün qədər dinləməyi və verilən məlumatları ümumiləşdirməyi tərhic edir, seçirlər. Təbii ki diplomatiyanın dili elə budur. Amma şübhəsiz görüşlərdə İranda yaşayan xalqların bir-biri ilə ünsiyyətinin, yəni demokratik hərəkatda əməkdaşlığının vacibliyi, bir yerdə hərəkət etməyin vacibliyi dilə gətirilir. Daha sonra məhdiyyətlərin, dünya ölkələrinin İrana qarşı sanksiyalarının koordinasiya olunmasının vacibliyi və rejimin bölgə üçün fəlakətli nəticələri nəzərə alaraq, birgə hərəkət etməyin vacibliyi diqqətə çatdırılır. Hətta Azərbaycan dövlətinin bu məsələdə atdığı addımlar bəyənilir və daha cəsarətli hərəkət etməsi vurğulanır. Bir sözlə, bizim niyyətimiz onların bu bölgədə aparacağı işlərikn coğrafiyasını və yaxid strategiyasını soruşmaq deyil. Bizim borcumuz öz bildiklərimizi, öz niyyətlərimizi çatdırmaqdır, amma mən sevinirəm ki, getdikcə Azərbaycanın güzeyində də, güneyində də, xalqın vəziyyəti haqda daha məlumatlı danışırlar, daha yaxşı bilirlər və hər halda, İrana münasibətdə, İran Azərbaycanın taleyinə münasibətdə daha konkret danışırlar. Məsələn, orada maariflənmənin, radio, televiziyanın əhəmiyyətini bu gün xüsusi olaraq vurğuladılar. Maarifçilik işi də çox vacibdir. Orada millətin öz kimliyini dərk etməsi və durumunu anlaması baxımından şübhəsiz ki, bir sıra bizə bənzər xalqların taleyində olduğu kimi media cidi rol oynaya bilər. Bunu hər kəs başa düşür və bu barədə danışıqlar gedir. Təşkilatlanmanın zərurəti qeyd olunur və şübhəsiz dünya xalqlarının, böyük dövlətlərin bu məsələdə, əzilən məzlum xalqlara dəstək verilməsinin zərurəti də qeyd olunur. Güman edirəm ki, biz bir-iki görüşdən nəyinsə dəyişəcəyinə ümid bəsləməli deyilik. Hər halda böyük dövlətlər dünyanın taleyində ciddi rol oynayır və Amerika Konqresində Azərbaycanın bölünmüş bir xalq olmasının vurğulanması çox mühümdür.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG