Accessibility links

Sabit Bağırov: Elektrik kəsintisində istini səbəb kimi göstərmək gülüncdür (müxtəlif baxışlar)


Mingəçevir elektrik stansiyasında baş verən qəza ölkənin işıqsız qalmasına səbəb olub

Azərbaycanda elektrik enerjisində yaranmış fasilə aradan qaldırılmaqdadır.

Yaranan problemlər

“Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev deyib ki, artıq Bakı şəhərinə tam, regionlarda isə 80 faiz elektrik enerjisinin verilişi bərpa edilib.​

Tanırverdi Mustafayev
Tanırverdi Mustafayev

Onun sözlərinə görə, Bakı Metropoliteni, xəstəxanalar, hərbi hissələr, su, kanalizasiya və başqa dövlət əhəmiyyətli obyektlər tam şəkildə elektrik şəbəkəsinə qoşulub. Bununla yanaşı Bakının içməli su ilə təchizatında yaranmış problem hələ də aradan qaldırılmayıb.

İki min neft buruğunda iş dayanıb

Turan agentliyinin məlumatına görə, elektrik enerjisinin verilməsində yaranmış fasilə nəticəsində SOCAR-ın quruda yerləşən iki minədək neft quyusunda iş dayanıb.

Hazırda buruqlara enerjinin verilməsi bərpa edilsə də işlərin tam bərpası üçün bir həftəyədək vaxt lazımdır.

İlham Şaban
İlham Şaban

“Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, “Azərenerji”nin ölkə sənayesinə vurduğu ziyan hesablanmalıdır.

“Elektrik enerjisinin ölkə ərazisində masştablı kəsilməsi ilə bağlı araşdırmalarımı davam etdirirəm: ölkə sənayesinə vurulan ziyanı bir neçə gündən sonra daha dəqiq görmək olar.

İlkin nəticə isə bunlardır:
- Sümqayıtın lokomotivi kimya sənayesi tam dayanıb;
- Azərbaycanın qurudakı buruqları enerji kəsildiyindən müvəqqəti olaraq fəaliyyətlərini dayandırmalı olub, buruqların işə salınması tədricən olur;
- Ölkənin neftayırma zavodunda da qirğular dayanıb;
- Ölkənin su təsərrüfatına xeyli ziyan dəyib, çünki nasos stansiyaları işləmədiyindən istehlakçıların fasiləsiz su təminatı pozulub."

Qəzanın səbəbi - “hava kəskin isti keçir”

Mingəçevir elektrik stansiyası
Mingəçevir elektrik stansiyası

İyunun 3-də saat 00.30 radələrində Mingəçevir İstilik Elektrik Stansiyasının 6-cı blokunda yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub və 6-cı blokda və yarımstansiyada baş verən yanğın söndürülüb. Hadisənin ilkin səbəbi kimi həddindən artıq yüklənmə göstərilir.

Azərbaycan Energetika Nazirliyi və “Azərenerji” ASC-nin birgə operativ məlumatında deyilir ki, bir necə gündür havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın kəskin şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalara səbəb olub.

Bu gün baş nazirin birinci müavini Yaqub Eyyubov və “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev yanğın baş vermiş Mingəçevir İstilik Elektrik Stansiyasına baş çəkib.

Ölkə son illərdə bir neçə dəfə belə problemlə qarşılaşıb

Elektrik xətti
Elektrik xətti

- 2002-ci il, 14 iyul: taxıl zəmilərində yanğın baş verməsi səbəbindən ölkə işıqsız qalıb, belə ki, alov yüksək gərginlikli xəttə keçib.

- 2006-cı il, 29 yanvar: Abşeron DRES-də qısa qapanma baş verib. Ölkənin yarısı, Bakı da daxil olmaqla, bir neçə saat işıqsız qalıb.

2010-cu il, 9 fevral: Bakı və regionlar işıqsız qalıb, metro işləməyib. Səbəb yüksək gərginlikli xəttdə qəzanın baş verməsidir.

Hər dəfə belə hadisədən sonra hökumət gələcəkdə bu cür halların baş verməməsi üçün tədbirlərin görüləcəyi, elektrik təchizatının bir mənbədən asılılığının aradan qaldırlacağı barədə bəyanatlarla çıxış edib.

“Bir təcrübəsiz elektrik” bəs edər

Son 15 ildə ölkədə 30-dan çox elektrik stansiyası tikildiyi bildirilir. Bununla yanaşı, göründüyü kimi problem hələ də həllini tapmayıb. Bir istifadəçi facebook-da yazıb ki, ölkəni işıqsız qoymaq üçün “bir təcrübəsiz elektrik” bəs edər.

Elektrik enerjisinin verilməsində yaranan fasilə sosial şəbəkələrdə ciddi tənqidlə qarşılanıb. Rəsmilərin “ölkənin enerji təhlükəsizliyi tam təmin edilib, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfələr verir” kimi fikirləri qınağa səbəb olub.

Sabit Bağırov: İstinin səbəb kimi göstərilməsi gülüncdür [Audio-müsahibə]

“İlk növbədə bu elketrik kəsintisi araşdırlmalıdır. Çünki kəsintinin səbəbi kimi istilərin göstərilməsi gülünc bir ifadədir”. SOCAR-ın keçmiş prezidenti Sabit Bağırov Amerikanın Səsinə müsahibəsində bildirib.​

Sabit Bağırov
Sabit Bağırov

O hesab edir ki, ciddi araşdırlma aparılmalıdır.

“Araşdırılmalıdır ki, harada, hansı texnoloji proseslərdə, avadanlıqlarda nöqsanlar var, aradan qaldırmaq lazımdır. İstilər ötən illərə nisbətən 2-3 faiz artıb. Bizdə elektrik enerjisinin generasiya güclərində böyük ehtiyatlar var. İstiliyin 2-3 faiz artması açılmalar üçün qətiyyən səbəb ola bilməz. Səbəbləri araşdırmaq lazımdır”, Bağırov qeyd edib.

Sabit Bağırov: Elektirk kəsintisində istini səbəb kimi göstərmək gülüncdür
please wait

No media source currently available

0:00 0:01:41 0:00

SOCAR-ın keçmiş prezidenti hesab edir ki, elektrik enerjisində fasilələrin yaranması elektrik enerjisi ilə təminat sisteminə bağlı məsələdir.

“Həmin sistem bir daha nəzərdən keçirilməlidir. Harada zəif nöqtələr, boşluqlar var, tapılıb aradan qaldırılmalıdır. Çünki belə kəsintilər olmamalıdır. Əgər hər şey yaxşı düşünülübsə, bütün bu ehtimallar nəzərdən keçrilibsə, ehtiyat güclər varsa, müvafiq personal yerindədirsə bu hallar olmamalıdır. Bu istini bəhanə gətirmək gülüncdür”, Bağırov deyib.

Əli Kərimli: Bizi daha böyük bəlalardan hələlik allah saxlayır

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli yazır ki, bir qəza bütöv ölkəni saatlarla iflic edib.​

Əli Kərimli
Əli Kərimli

“Bu gecə hamımız şahid olduq ki, “enerji təhlükəsizliyi”, “enerji mənbələrinin diversifikasiyası”, “alternativ enerji mənbələri” kimi söhbətlər 2 milyon yeni iş yeri və yoxsulluğun 500% aşağı salınması haqda nağılın davamı imiş. Dövlət idarəetməsi ekstremal situasiyalara qətiyyən hazır deyil. Bizi daha böyük bəlalardan hələlik allah saxlayır. O da bir gün saxlamasa... qalanını özünüz təsəvvür edin”, müxalifət lideri facebook səhifəsində yazıb.

Arif Hacılı: Humanitar fəlakət təhlükəsi ilə üz-üzəyik

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirir ki, bir qəza ilə bütün ölkədə işıqlar sönüb, bu vəziyyət saatlarla davam edir.​

Arif Hacılı
Arif Hacılı

“Hakimiyyət yetkililərinin isə nəinki qəzanın nəticələrini aradan qaldırmağa, hətta nə baş verdiyi barədə xalqa izahat verməyə qabiliyyəti çatmır. İqtiarıın səriştəsizliyi ucbatından daim humanitar fəlakət təhlükəsi ilə üz- üzəyik”, o facebook səhifəsində qeyd edib.

Bəxtiyar Hacıyev: Biz şam yandıran dövlətik

İctimai fəal Bəxtiyar Hacıyev ironiya ilə yazır ki, Azərbaycan növbəti 20 ildə də Avropanın alternativ enerji mənbəyi olacaq.​

Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

“Bizim yüksək texnologiyalar nazirliyimiz var, biz kosmik klub üzvüyük və peykimiz var, bizim elektron kənd təsərrüfatımız və elektron pomidorlarımız var, erməni separatçıları Qarabağda səngərdə başlarını qaldıra bilmədən gəzirlər, bizim öz yolumuz, öz standartlarımız, öz işığımız var. Nə olsun ki, ölkə üzrə müvəqqəti işıqlar sönüb? Nə hücum, nə zad? Adi şeydi də, guya sizin evdə işıq sönmür? Dövlət də adi ev kimidir, ev var işıq sönən kimi generator işə düşür, ev də var işıq sönəndə şam yandırır. Biz şam yandıran dövlətik. Asan şam...”, Hacıyev Facebook səhifəsində yazıb.

XS
SM
MD
LG