Accessibility links

Sadiq İsabəyli: Təşkilatlar üzvlərini şəffaf prinsiplər əsasında çalışdırmalıdır [Audio-Müsahibə]


Sadiq İsabəylinin dediklərinə görə, Azərbaycan Milli Hərəkatına mənsub siyasi təşkilatlar yeni üzvlər cəlb etmək və üzvləri müəyyən fəaliyyət proqramlarına görə istiqamətləndirməkdə çətinlik çəkir. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) təşkilatının idarə heyətinin üzvü Amerikanın Səsinə müsahibədə güneyli siyasi təşkilatların fəaliyyətlərinin mahiyyətini şərh etməklə yanaşı onların uğurlu olduğu sahələr, eləcə də problem yaşadığı məqamları dəyərləndirib.


Sadiq İsabəylinin sözlərinə görə, “Güney Azərbaycan milli azadlıq hərəkatına bağlı olan təşkilatların fəaliyyət və prinsipləri insanlarımızın milli, siyasi, mədəni, iqtisadi və ictimai hüquqlarını təmin etmək istiqamətində formalaşır. Təbii ki, hərəkat beynəlxalq insan haqları bəyannaməsinin prinsiplərini də özündə ehtiva edir.”

Təşkilata üzv olan bilsin ki müştərək bir platformada, proqram əsasında çalışacaq və orada onun hər hansı şəxsi məsələsini heç kəs ona qarşı istifadə edə bilməz.
Sadiq İsabəyli

O əlavə edir, “bu əsasda bir çox sahədə işlər aparılmalıdır. Orada fərdi və ictima hüquqlar, ana dili haqqı və mədəni hüquqlarımızın təmin edilməsi istiqamətində fəaliyyətlər olmalıdır. Təşkilatların fəaliyyətləri bütün bu sahələri əhatə etməlidir. Xaricdə formalaşan və fəaliyyət göstərən təşkilatlar həm daxildə gedən milli hərəkatın uğurla nəticələnməsi istiqamətində, həm də beynəlxalq insan haqları mərkəzlərinin dəstəyini qazanmaq üçün çalışırlar.”

Milli hərəkata mənsub təşkilatlara dair irəli sürülən tənqidlərdən biri onların türk fəalları cəlb etməkdə uğurlu olmadıqları yönündədir. GAMAC-ın katibinin fikrincə, təşkilatlar yeni üzvlər almaq və mövcud üzvləri müəyyən proqramlara görə istiqamətləndirməkdə bəzi çətinliklərlə üzləşirlər.

“Təşkilatlanma və təşkilatların fəaliyyət prosesində önəmli bir məsələ üzvlərin cəlb olunması və fəaliyyətlərin proqram əsasında aparılmasıdır. Təşkilatlar bu sahədə zaman-zaman problemlərlə üzləşirlər... Biz özümüz buna yol verən çatışmazlıqları aradan qaldırmaq üçün çalışırıq,” deyə o söyləyir.

Sadiq İsabəyli bu çatışmazlıqların bir hissəsinə diqqət çəkir:

Güney Azərbaycan təşkilatlarına üzv olmaq könüllü bir fəaliyyətdir. Yəni orada heç kim hər hansı bir formada maddi gəlir əldə etmir, üstəlik üzvlük haqqı da verir.
Sadiq İsabəyli

“Çatışmazlıqlar nədir? Misal üçün, Güney Azərbaycan təşkilatlarına üzv olmaq könüllü bir fəaliyyətdir. Yəni orada heç kim hər hansı bir formada maddi gəlir əldə etmir, üstəlik üzvlük haqqı da verir. Bu, müəyyən çətinliklər yaradır. Eyni zamanda təşkilatlar prinsiplərini də şəffaf şəkildə müəyyənləşdirməlidir ki, üzvlər və çalışanlara şərait yaradılsın. Üzvlərin hər hansı fərdi və şəxsi məsələlərini gündəmə gətirməmək, yaxud onları hər hansı basqıya məruz qoymamaq şəklində kollektiv fəaliyyət üçün təlimlər verilməlidir. Bunun üçün bir proqrama ehtiyac vardır.”

O, əlavə edir, “təşkilata üzv olan bilsin ki, müştərək bir platformada, proqram əsasında çalışacaq və orada onun hər hansı şəxsi məsələsini heç kəs ona qarşı istifadə edə bilməz.”

İsabəyli həmçinin proqramsız fəaliyyətlərin fərqli təşkilatların əlaqələrinə zərər verdiyinə və onların arasında əməkdaşlığı çətinləşdirdiyinə diqqət çəkir.

XS
SM
MD
LG